Yüzlərlə yük maşını 11 yanvardan pisləşən hava şəraiti səbəbiylə bağlanan Gürcüstan Hərbi magistral yolunda qalıb. Gürcüstan-Rusiya gömrük buraxılış məntəqəsindən başlayan tıxac kilometrlərlə uzanıb gedir. Bu yol təkcə Gürcüstanı deyil, həm də Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən əsas magistral yoldur. Bu vəziyyət indiki vəziyyətdən daha çox Gürcüstanı narahat edir. Çünki Rusiya, Ermənistan və Azərbaycan liderləri bölgənin nəqliyyat inkişafı ilə bağlı razılaşmalar əldə etməsi Gürcüstanı oyundankənar vəziyyətə salır. Büdcə gəlirləri əsasən tranzit daşımalardan formalaşan Gürcüstan indidən 11 yanvar anlaşmasından iqtisadi itkilərinin narahatlığını yaşayır. Keçmiş prezident Mixail Saakaşvilinin təmsil etdiyi Gürcüstan müxalifəti hakimiyyəti ölkənin “heç kimə lazım olmayan” “Cənubi Qafqazın kəsilmiş hissəsi” olmaq təhdidi ilə xəbərdarlıq edir.
Gürcüstan hərbi magistralında nəqliyyat vasitələrinin hərəkəti 11 yanvar axşamından bütün nəqliyyat növləri üçün qadağan edilib. Səbəb Gürcüstan ərazisində pisləşən hava şəraiti idi. Və o vaxtdan bəri gözə çarpan irəliləyiş olmayıb. Bazar ertəsi günortadan sonra Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiyadakı baş idarəsinin mətbuat xidmətindən “İnterfaks”a bildirildiyi kimi, yüzlərlə yük maşını bu anda Rusiya tərəfindəki nəzarət nöqtəsində qalıb. Burda keçidi gözləyən 650 ağır yük maşını var. Əlavə bir istilik nöqtəsi yerləşdirilib. Gürcüstan tərəfində də yüzlərlə yük qoşquları düzülüb. Növbənin uzunluğu 10 kilometri keçib. Gürcüstan hərbi magistralının hava şəraiti ilə bağlanması qeyri-adi hadisə deyil. Qış aylarında bu, adi haldır. Bu marşrut təkcə Gürcüstan üçün strateji əhəmiyyətə malik deyil, həm də Azərbaycan tərəfindən bloklanan Ermənistan üçün bir növ həyat yoludur.
Bir müddət əvvəl Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq avtomobil yolunun yenidən qurulması üçün Gürcüstana təqribən 500 milyon dollar ayırmışdı. Ancaq indi bu layihənin gələcəyi qeyri-müəyyəndir. Səbəb Rusiyanın dğvlət başçısı Vladimir Putinin vasitəçiliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 11 yanvarda Moskvada “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair” razılaşmadır. Xatırladaq ki, söhbət iki əsas sahədən gedir.
Birincisi, bu, Azərbaycanın əsas hissəsindən Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçərək Naxçıvana gedəcək dəhlizdir.
İkincisi, Yerevandan Naxçıvana çəkilən və Sünik (Zəngəzur) bölgəsindən keçib Azərbaycanla birləşəcək dəmir yoludur. Hər iki marşrut Sovet dövründə fəal şəkildə istifadə olunurdu. Lakin Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə bu dəhliz fəaliyyətini dayandırdı.
Yeni layihə həyata keçirilərsə, Azərbaycan Naxçıvana və Türkiyəyə, Rusiyadan Türkiyə və Ermənistana, Ermənistandan İrana və Rusiyaya yeni nəqliyyat yolu alacaq. Nəticədə Gürcüstan hərbi magistralının əhəmiyyəti kəskin şəkildə azalacaq.
Gürcüstan hakimiyyəti hələ də Moskvada əldə olunan razılaşma barədə heç bir açıqlama vermir. Ancaq mövzu yenə də milli-siyasi gündəmlə bağlıdır. Ölkənin üçüncü prezidenti Mixail Saakaşvili bu anlaşmanı Gürcüstanın tranzit daşımaları üçün fəlakət adlandırıb.
Müxalif televiziya şirkəti olan “Mtavari Arxi”nin efirində danışarkən, prezident olduğu illərdə Gürcüstanın coğrafi mövqeyindən siyasətdə necə istifadə etdiyini ətraflı izah edib. Siyasətçi xəritədəki marşrutları canlı olaraq göstərərək “Bizə həm Türkiyə ilə, həm də Ermənistanla, həm də Rusiya ilə əlaqə yaratmaq üçün Azərbaycana lazım idi”, – deyə o bildirib. Xüsusilə Ermənistandan Rusiyaya gedən yeganə magistral yolun Gürcüstan ərazisindən keçdiyini vurğuladı və əlavə edib: “Üstəlik, Ermənistan Abxaziya üzərindən Rusiya ilə dəmir yolu əlaqəsi açmağı ümid edirdi”.
İndi, eks-prezidentin də qeyd etdiyi kimi, Gürcüstan “heç kimə lazım olmayan” və “Cənubi Qafqazın atılmış hissəsinə” çevrilə bilər. Cənab Saakaşvili Rusiya prezidentini “Gürcüstanın tranzit funksiyasını alçaltmaqda” günahlandırır.
Keçmiş Gürcüstan lideri hadisələrin inkişaf versiyasından danışıb. Müxalifətçiyə görə Bakı Tiflisi imtiyazlı qiymətlərlə təbii qazla təmin etməsini dayandıra bilər. Ermənistan bəzi “revanşist ünsürlərin” guya ermənilərin olduğu iddia edilən Gürcüstandakı Cavaxetiya bölgəsinə iddiaları ortaya çıxa bilər. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycandan aldığı məğlubiyyətin acısını kompensasiya etməyə çalışacaq.
Bir sıra gürcü mütəxəssislər eks-prezidentin çəkdiyi qiyamət mənzərəsinin əsl vəziyyətdən çox da uzaq olmadığına əmindir. Eks-prezidentin fikrincə, “Bütün bu nəqliyyat layihələri Gürcüstanın dövlət sabitliyini təmin edən çox vacib bir geosiyasi funksiya idi. Gürcüstanın Poti və Batumi Qara dəniz limanları tələbin ciddi risk zonasındadır”. Bu gedişlə Azərbaycandan Türkiyəyə malların müntəzəm daşınmasına başlanılan Bakı-Tbilisi-Qars dəmir yolu “ən uğursuz layihələrdən birinə çevrilə bilər. Üstəlik, dəmir yolunun Gürcüstan hissəsi, Giorgi Xuxaşvilinin xatırlatdığı kimi, “Azərbaycanın krediti hesabına inşa edildi” və Tiflis “hər halda bunu ödəməli olacaq”.
Bu arada “Nation.ge” analitik mərkəzinin mütəxəssisi David Avalişvili əmindir ki, vəziyyət bu cür qaranlıq rənglərdə qəbul edilməməlidir. Məsələn, onsuz da fəaliyyət göstərən Bakı-Tbilisi-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin “heç yerə getməyəcəyini” və bunun ölkəyə xeyli mənfəət və fayda gətirdiyini qeyd edib. “Uzunmüddətli müqavilələrə əsasən, Gürcüstan bu boru kəmərləri ilə ixrac olunan enerji ehtiyatlarının 5 faizini alır və əhəmiyyətli miqdarda qaz və nefti endirimli qiymətlərlə almaq hüququna malikdir”, – deyə ekspert xatırladıb.
Bundan əlavə, cənab Avalişvilinin sözlərinə görə, Türkiyə ilə Azərbaycanın şimal bölgələri arasında yol bağlantısı üçün “Gürcüstan magistral yolu Naxçıvan və Ermənistan ərazisindən keçən dağ yolundan daha əlverişlidir”. Ancaq bəzi təşəbbüslər hələ də hücum altındadır. Bunlar arasında Mixail Saakaşvilinin ən sevdiyi “Lazika” layihəsi, yəni Abxaziya ilə sərhəd yaxınlığındakı Anakliya qəsəbəsində ildə 100 milyon ton istehsal gücü olan dərin su limanının inşası da var. Limanın Şərqi Çindən Cənubi Avropaya malların çatdırılması üçün istifadə ediləcəyi planlaşdırılırdı. Ancaq Moskva razılaşmaları icra olunarsa, Yeni İpək Yolu Gürcüstanın iqtisadi problemlərini və Giorgi Qaxariya hökuməti ilə Mixail Saakaşvilinin rəhbərlik etdiyi “birləşmiş müxalifət” arasındakı barışmaz qarşıdurma fonunda ictimai-siyasi kataklizmləri artıracaq. Bu isə Gürcüstan üçün ağır iqtisadi-siyasi problemlər doğura bilər.
“Kommersant” nəşri,18 yanvar 2021.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az