2020-ci il tarixə çevrilir. Bu il bir çox hadisələrlə yadda qaldı. Region dövlətləri üçün ən yadda qalan hadisə isə İkinci Qarabağ müharibəsi oldu. SSRİ-nin dağılmasından sonra Ermənistanla Azərbaycan arasında baş verən ikinci müharibə – Dağlıq Qarabağdakı uzun müddətdir davam edən münaqişələrin növbəti, bəlkə də sonuncu mərhələsi idi. Azərbaycan 90-cı illərin əvvəllərindəki ilk müharibədən fərqli olaraq, bu dəfə qələbə çaldı. Dağlıq Qarabağ və ona bitişik əraziləri yenidən öz nəzarəti altına qaytardı.
Ermənistanın hərbi kaputulyasiyasından sonra Rusiyanın iştirakı ilə noyabrın 10-da İrəvan və Bakı arasındakı sülh razılaşması imzalandı. Bu anlaşma təkcə atəşkəs yaratmadı, həm də gələcəkdə Qarabağ münaqişəsinin uzunmüddətli həllinin qarantına çevrildi. Razılaşmanın əsas məqamı silahlı qarşıdurmanın bərpası ehtimalını istisna etmək və dörddə bir əsrdən bəri dayanmış diplomatik prosesi yenidən başlamaqdır. Bu işdə əsas vasitəçi Rusiya, atəşkəsə nəzarətçi isə rus sülhməramlılarıdır.
Hadisələrin son dövrdəki inkişafına baxanda ilk yada düşən iyul hadisələri olur. İyulun 12-də Azərbaycanın Tovuz rayonu ərazisindəki sərhəd məntəqəsində qarşıdurma oldu. Hər iki tərəfdən canlı və texniki itkilər oldu. Böyük dövlətlərin diqqət etmədiyi bu insdent əslində yaxınlaşan fırtınanın ilk göy gurultuları idi. Bu toqquşma Dağlıq Qarabağdan yüzlərlə kilometr məsafədə baş verdi. Və bu Ermənistanla Azərbaycan arasında 2016-cı ilin aprelindən bəri tərəflər arasında baş verən ən böyük hərbi insident idi. Bir çox siyasətçilər, diplomatlar və mütəxəssislər hadisəyə xüsusi diqqət yetirmədilər və təsadüfi hal hesab etdilər.
Baxmayaraq ki, iyulun 15-də Bakıda “Qarabağa azadlıq” çağırışları ilə böyük mitinq keçirildi. Məhz həmin günlərdə Azərbaycan prezidenti İlham Əliyev “heç kimə hadisələri qabaqlamağı məsləhət görmədiyini” söylədi və Bakıda küçələrə çıxanların “xoş niyyətlərdən” irəli gəldiyini dedi. Üstəlik minlərlə insan “Mən Qarabağda vuruşmaq istəyirəm” deyərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Cəmi bir neçə saat sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov bildirdi ki, “artıq 4000 nəfəridən çox könüllü qeydiyyatdan keçib”.
İstər Tovuz hadisələri, istərsə də Bakıdakı mitinq və səfərbərlik hadisələri prosesi radikal istiqamətə aparırdı. Çünki Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupuna inam qalmamışdı. Xalq problemi öz bildikləri variantda həll etmək istəyirdi. Bununla paralel Ermənistanın baş naziri Nikol Paşinyan sələflərindən, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq, məsuliyyətsiz bəyanatları ilə Azərbaycanı müharibəyə təhrik edirdi. Bu vəziyyətdə Prezident İlham Əliyevin də bəyanatlarının tonu getdikcə sərtləşirdi. Bəyanatlarında ATƏT-in Minsk Qrupunun 90-cı illərin əvvəllərində, ilk Qarabağ müharibəsindən sonra, dondurulmuş münaqişənin həlli üçün göstərdiyi səylərin uğursuzluğundan əsəbi səkildə danışaraq, Qrupun fəaliyyətini kəskin şəkildə tənqid edirdi.
Yada salaq ki, hələ 2020-ci ilin fevralında İlham Əliyev və Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdə Azərbaycan Prezidenti bəyan etmişdi ki, “Təqlid naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək niyyətində deyilik. Hər şey mənalı olmalıdır. Danışıqlar mahiyyəti üzrə olmalıdır. Onların mənasız olduğunu görsək, müvafiq addımlar atacağıq”. Bundan bir müddət sonra Bakının mövqelərini kifayət qədər fəal şəkildə müdafiə etməyən Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovu istefaya göndərildi. Və onun yerinə Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov yeni Xarici İşlər Naziri təyin olundu. Avqustun sonunda, ikinci Qarabağ müharibəsinin başlamasından bir ay əvvəl Moskvaya səfər edən Azərbaycan diplomatiyasının yeni rəhbəri sələfinin işlətmədiyi ifadələrlə İrəvana hücum etdi.
Ermənistanın yalnız ölkəsinin ərazisinin 20% -ni işğal etmədiyini, həm də bu bölgələrə xaricdəki etnik ermənilərlə fəal şəkildə köçürüldüyünü bildirdi. Bütün bunların isə sülh proseslərinə ciddi xələl gətirdiyini söylədi. Bundan əlavə, Ceyhun Bayramov Ermənistan rəhbərliyini “belə məsuliyyətsiz çıxışları ilə diqqəti ölkə daxilindəki artan problemlərdən yayındırmaq üçün planlaşdırılmış təxribatlar” adlandırdı. Təbii ki, butün bunlar müharibənin yaxınlaşdığını göstərirdi. Beləliklə, 27 sentyabrda İkinci Qarabağ müharibəsi başladı. Müharibə cəmi 44 gün davam etdi. Hər iki tərəfdən 10 minə yaxın insan həlak oldu, bir o qədər insan yaralandı. İlk müharibədə məğlub olan Azərbaycan bu dəfə daha böyük ölçüdə qalib gəldi. Və 2021-ci ilə Bakı qələbə əhval-ruhiyyəsi ilə qədəm qoyur.
“Kommersant”qəzeti, 31 dekabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az