Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri də ərazilərimizin minalardan təmizlənməsidir. Vətənimizin dilbər guşələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir.
Təkbaşına öz ərazi bütövlüyünün tam bərpasına nail olan dövlətimiz indi də ermənilərin insanlığa zidd hərəkətlərindən biri olan torpaqlarımızın kütləvi şəkildə minalarla çürkləndirilməsinə qarşı fədakarlıqla mübarizə aparır. Azərbaycan torpaqlarıın minalardan təmizlənməsi naminə müxtəlif təşəbbüslər göstərir.
Bu təşəbbüslərdən biri də Zəngilan şəhərində ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə artıq 3-cü dəfə keçirilən ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransıdır. Təqdirəlayiqdir ki, bu konfrans suverenliyi tam bərpa olunan Azərbaycanın ev sahibliyi edəcəyi COP29 öncəsi təşkil edilib. Torpaqlarımızın erməni separatçılarından və qeyri-qanuni erməni silahlı qüvvələrindən birdəfəlik təmizlənməsi Azərbaycan ərazisində yeni minaların basdırılması ehtimalını sıfıra endirib.
“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Qeyd edək ki, bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Mina və partlamamış hərbi sursatların hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biri olduğunu xatırladan dövlət başçımız minaların sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa-inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi şəkildə mane olduğuna diqqəti cəlb edib.
“Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür”, – deyə dövlət başçımız vurğulayıb.
İndiyədək aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahənin 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizləndiyi, lakin minalanmış ərazilərin bundan daha geniş olduğu, ölkəmizin humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirdiyi, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinin böyük əhəmiyyət kəsb etdiyi, konfransın Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini nümayiş etdirdiyi nəzərə çatdırılıb.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanı Müstəqillik Günü ilə bağlı “Facebook” hesabında təbrik edərkən Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk ölkəmizin humanitar minatəmizləmə prosesində dost ölkəni necə dəstəklədiyinə də diqqəti cəlb edib: “Biz Azərbaycanın Ukrayna ərazisində humnitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək qiymətləndiririk”.
Bu, bilirsinizmi nə deməkdir? Bu, Azərbaycanın misilsiz ölkə olduğunu bir daha sübut edən faktdır! Öz başına gətirilən mina bəlasının böyük təhlükəsini çox yaxşı dərk edən Azərbaycan dar macalda – öz torpaqlarını minadan təmizləmə prosesini başa çatdırmamış – eyni dərdlə üzləşən dost ölkəyə yardım əlini uzadıb, ukraynalıların yaşamaq hüququna dəstəyini göstərib.
Qeyd edək ki, konfransın işğaldan azad edilmiş Zəngilanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlara erməni barbarlığının izlərinə şahid olmaq imkanı yaradır. Bu fonda Azərbaycanın sülhə, qurub-yaratmaq, yenidənqurma, tarixi, dini, mədəni abidələrin bərpa olunması prosesinə töhfələr vermək istəyi özünü daha qabarıq göstərir. Bu addım Azərbaycan həqiqətlərinin daha çox ölkəni əhatə etməsinə gətirib çıxaracaq. Yenidən tikilmiş Zəngilan məscidini və onun xarabalığa çevrilmiş divarlarını görmək, yenidən qurulmuş obyektlərlə tanış olmaq qonaqlara erməni işğalının Azərbaycana necə ağır zərbələr vurduğu, başqa dövlətlərin torpaqlarında gözü olmayan, sülhsevər və qurucu ölkəmizə xarici dəstəyin göstərilməsinin zəruriliyi barədə fikirlərinin formalaşmasında böyük rol oynayacaq.
Xatirə SADİQ,
KONKRET.az