“Kontent və məzmunların yaradılmasında internet resurslarından effektiv istifadə edilməlidir”backend

"Kontent və məzmunların yaradılmasında internet resurslarından effektiv istifadə edilməlidir"

Cəmiyyətdə informasiyanı tənqidi şəkildə qəbul etmək problemləri mövcuddur. Bu baxımdan “Media savadlılığı həftəsi”nin keçirilməsinin olduqca böyük əhəmiyyəti var. Həm peşəkar jurnalistika, həm də cəmiyyət bunda udur. Çünki informasiyanın mənbələrini dəqiqləşdirmək təkcə jurnalistika və cəmiyyət məsələsi deyil. Bu ölkənin ümumi təhlükəsizliyinə xidmət edir. İnformasiya dezo şəklini alarsa, ötürülən xəbər yükü ciddi təhlil edilə bilməyəcək. Eləcə də nəinki media məzmununu effektivliyinə zərbə vuracaq, eləcə də dövlət – cəmiyyət və ya insanların bir-birinə münasibətlər forması da zədələnir, nəticədə məlumatların yayılma mexanizmləri işləmir.

Müasir dünyada olduğu kimi, ölkəmizdə də media savadlılığına ciddi əhəmiyyət verilməsi məhz bu məsələləri özündə ehtiva edir. Hər hansı informasiya mənbəyindən alınan xəbərin məzmunu hazırlanan mətnlərdə, video və fotolarda düzgün əks olunmalı, kontekstdən çıxarılmamalıdır. Həmçinin rəqəmsal platformalar və sosial şəbəkələr də bu prinsiplərə düzgün əməl etməlidir. Çünki bu, insanlara ağıllı qərarlar qəbul etməyə və manipulyasiyadan, saxta xəbərlərdən və dezinformasiyadan qaçmağa imkan verir.

Media savadlılığı yalnız tənqidi düşüncəni, yəni mənbələrin və arqumentlərin etibarlılığını qiymətləndirmək bacarığı ilə məhdudlaşmır. Burada eyni zamanda media məzmununu təhlil etmək bacarığı ilə yanaşı ötürdüyü informasiyanın cəmiyyətə verdiyi siqnalların məqsədləri və onların qavrayışa necə təsir etdiyini müəyyənləşdirmək də var.

Ona görə də xəbər müəllifi və onu yayan subyekt etika və məsuliyyət məsələlərinə ciddi şəkildə əməl etməlidir. Əks təqdirdə cəmiyyəti xəbərlə qidalandıran tərəf mediadan istifadəni tənzimləyən qaydaları pozacaq.

Media savadlılığının mahiyyətində rəqəmsal bacarıqlar da əsas yer tutur. Bu xəbər və təhlili daha peşəkar şəkildə təqdimetmə formasıdır.
Media savadlılığından adi anlayışlara malik olan şəxs və ya media internet resurslarından əhatəli istifadə yollarını bilməlidir. Məhz bu ardıcıllığı qoruyanlar yeni məzmun yaratmaq imkanını əldə edir, onlayn təhlükəsizliyini və uğurunu reallaşdırır.

Xəbər və ya təhlil, informasiyanın analizində dolğun kontentlər isə təbii ki, təcrübə əsasında formalaşır.
Həmin kontent və məzmunların yayılmasını internet resurslarını yaxşı mənimsəyən tərəf öz işini effektiv şəkildə həyata keçirəcək. Həmçinin auditoriyanın maraq və ehtiyaclarını yaxşı bilən xəbər istehsalçısı ötürmə resurslarını qavrayan tərəflə vahid mexanizm quraraq media məhsullarının (mətnlər, videolar, fotoşəkillər) yaradılmasında heç bir çətinliklə üzləşməyəcək.

Ümid edirik ki, keçirilən “Media savadlılığı həftəsi”ndə məsuliyyət daşıyan hər bir kəs insanlara informasiya axınında naviqasiya rolunu oynamaqla, obyektiv rəy formalaşdırmağa və manipulyasiyalardan qaçmağa yardım edə biləcək.

Natiq Səlim,

KONKRET.az

https://medialiteracy.media.gov.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*