Koreyada keçirilən təlimlərdə Dövlət Statistika Komitəsinin işçiləri iştirak edəcək – FOTOLARbackend

Koreyada keçirilən təlimlərdə Dövlət Statistika Komitəsinin işçiləri iştirak edəcək - FOTOLAR

2-6 sentyabr 2019-cu il tarixlərində Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreya Statistika Komitəsi ilə imzalanmış “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Koreyaya səfər ediblər. Dövlət Statitistika Komitəsindən Konkret.az-a verilən məlumata görə, səfər zamanı iki ölkənin statistika qurumları arasında əməkdaşlıq məsələləri, sözügedən layihənin icrası ilə bağlı görülmüş işlər, ötən dövr ərzində əldə olunmuş nailiyyətlər müzakirə edilib, statistika və siyasət, milli statistika sistemi, statistik istehsal prosesinin təşkili və keyfiyyətin idarə edilməsi sahələrində Koreya təcrübəsi haqqında məlumat verilib.

Dövlət Statistika Komitəsinin nümayəndələri ilə görüşən Koreya Statistika Komitəsinin sədri Shin – Wook Kang qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsinin uğurla icra olunmasını, həmçinin layihə çərçivəsində “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin  istifadəyə verilməsini yüksək qiymətləndirir və qeyd olunanlar  iki qurum arasında qurulmuş əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratmışdır. Bildirib ki, əvvəlki təcrübə və layihənin icrası nəticəsində əldə olunmuş nailiyyətlər nəzərə alınmaqla cari ilin iyun ayında Dövlət Statistika Komitəsi ilə imzalanmış hazırkı Anlaşma Memorandumu Azərbaycanda statistik kadr potensialının gücləndirilməsi məqsədini daşıyır. Bu layihənin də uğurla başa çatdırılması üçün Anlaşma Memorandumunun texniki şərtlərində nəzərdə tutulan tədbirlərin qrafik üzrə vaxtında icra olunduğunu diqqətə çatdıran Shin-Wook Kang sosial-iqtisadi statistika və informasiya texnologiyaları mövzüsunda təlimlərin təşkili, eləcə də statistik təlim modullarının hazırlanması istiqamətində görülmüş işləri qeyd edib. Bununla yanaşı, o, Koreya Statistika Komitəsinin Dövlət Statistika Komitəsi ilə gələcəkdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib və vurğulayıb ki, bu əməkdaşlıq statistika ilə yanaşı, Koreya və Azərbaycan xalqı arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların ölkənin statistika sisteminə inteqrasiyası məqsədilə Dövlət Statistika Komitəsi beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin statistika qurumları ilə fəal əməkdaşlıq edir. Bu baxımdan statistik məlumatların istehsalı, xüsusilə məlumatların yayımı prosesində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaratmışdır. Y.Yusifov qeyd edib ki, rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması məqsədilə Koreya Statistika Komitəsinin dəstəyi ilə Azərbaycanda ASİS-in yaradılaraq istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. O, bu il layihə üzrə də nəzərdə tutulan tədbirlərin, o cümlədən Dövlət Statistika Komitəsində təlim otağının yaradılmasının, statistik təlim modullarının hazırlanmasının, 30-dan çox Komitə əməkdaşına Koreyada təlimlərin keçirilməsinin Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Rəhim ƏLİYEV

 

Bir cavab yazın