Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi regiona maraqları artırıb. Ermənistan üzərindən bölgəyə soxulmaq istəyən Qərb Rusiyanı buradan sıxışdırmaq niyyətindədir. Cənubi Qafqazı nəzarətinə götürmək üçün dəridən-qabıqdan çıxan ABŞ regionda söz sahibi olan qüvvələri zərərsizləşdirmək siyasəti aparır. Amma onların cızdığı plan region dövlətlərinin maraqlarına zidd olduğundan amerikalıların bölgəyə daxilolma perspektivi elə də real deyil.
Polşalı politoloq Yakub Koreyba da bu fikirdədir. KONKRET.az Koreyba ilə müsahibəni təqdim edir.
– Bakı Qarabağ üzərində öz suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda mövcud qüvvələr balansını necə qiymətləndirirsiniz?
– İstənilən beynəlxalq vəziyyətdə müsbət cəhətləri görmək lazımdır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bütün Azərbaycan xalqı üçün faciəyə çevrilmişdi və regionda bədbinlik vardı. Bu gün regionda vəziyyət kökündən dəyişib. İndi dünyada aktiv təlatümlər və qlobal miqyasda siyasi qüvvələr balansının dəyişməsi prosesi gedir. Prinsipial amil ondan ibarətdir ki, Azərbaycan Qarabağda münaqişə ocağını faktiki olaraq təkbaşına neytrallaşdırıb. Ona görə də Cənubi Qafqazın böyük dövlətlərin maraqlarının toqquşması meydanına çevrilməməsi çox müsbət faktdır.
– Sizin nikbinliyiniz ABŞ-ın ermənipərəst siyasətinə də şamil edilirmi?
– Məsələyə daha geniş kontekstdən baxmaq lazımdır. Məsələ burasındadır ki, hazırda ABŞ və Çin arasında qlobal mübarizə gedir. Əsas məsələ liderlik uğrunda rəqabətdir. Böyük dövlətlərin hər biri özünə xüsusi yer təmin etməyə çalışdıqca, təsir zonaları bölünür. Bu baxımdan, ABŞ-ın konkret olaraq ermənipərəst mövqe tutduğunu deməzdim. Əslində Vaşinqton azərbaycanlıların, ermənilərin, polyakların, özlərindən başqa hər kəsin taleyinə biganədir.
Hətta Fransanın ermənipərəst mövqeyinə baxmayaraq, onlar ermənilərə öz məqsədləri naminə xidmət edirlər. Bu, daha çox Ermənistanın böyük dövlətlərin hörmətini qazanmaması ilə bağlıdır. Qərəzsiz deyə bilərəm ki, Azərbaycana qlobal miqyasda hörmət böyükdür. Mən bunu şəxsi müşahidələrimə əsaslanıb deyirəm.
Amerikalılar Cənubi Qafqazda güclü mövqelərə sahib olmağa can atır. Bununla da Çin, Rusiya və Türkiyənin eyni fürsətdən yararlanmasının qarşısını almağa çalışır. Sonuncunun artıq regional liderə çevrilməsi Vaşinqtonu da narahat edir. Onlar hesab edirlər ki, bütün qlobal məsələləri dövlətlər həll etməlidir.
Müvafiq olaraq, müəyyən qərarları təkbaşına qəbul edə bilən ölkələr avtomatik olaraq ABŞ üçün arzuolunmaz hesab edilir. Şəxsən mən bir polyak olaraq Türkiyə və Azərbaycanın dünyada mövqelərinin güclənməsini müsbət qiymətləndirirəm, çünki bu, Polşanın maraqları ilə üst-üstə düşür. Ancaq maraqları Polşanın maraqlarına tamamilə zidd olan Rusiyaya gəldikdə, mən eyni fikirdə deyiləm. Amma ABŞ rəhbərliyinin nöqteyi-nəzərincə suveren ölkələr həddi keçməməlidirlər. Məsələn, onlar hesab edir ki, hər hansı mühüm qərar qəbul etməzdən əvvəl həm Ərdoğan, həm də Əliyev ABŞ-ı xəbərdar etməli və onlardan icazə almalıdır. Bu, sırf Amerika təfəkkürüdür, ona görə də konkret halda bu problemə Vaşinqtonun ermənipərəst maraqları baxımından deyil, daha geniş miqyasda baxmaq lazımdır.
– Bununla belə, Vaşinqton üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin Amerika platformasında imzalanması prinsipial əhəmiyyət kəsb edir.
– Onlar üçün bu və ya digər ərazinin kimə məxsus olmasının, kimin harada yaşadığının və nəyə nəzarət etdiyinin əhəmiyyəti yoxdur. Bütün bunların amerkalıların nəzarəti altında baş verməsi onlar üçün vacibdir.
– Sizcə, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanma ehtimalı nə qədərdir?
– Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi bağlamaq öz dövlətçiliyini qoruyub-saxlamaq üçün son şansdır. Ermənistan hazırda dünyanın siyasi xəritəsindən silinmək riski ilə üz-üzədir. Çünki onlar qonşuları ilə normal münasibətlər qurmağı bacarmırlar. Paşinyan özünü psixopat kimi aparır. Mən Ermənistanda oldum və ölkə əhalisinin yaşadığı acınacaqlı vəziyyəti öz gözlərimlə gördüm. Cəmiyyət qəzəblidir və daim öz dərdlərinin günahkarını axtarır. Ermənilərə görə bu vəziyyətə düşmələrində özlərindən başqa hamı günahkardır.
– Aİ Cənubi Qafqazla bağlı qərəzli siyasət yürüdür. Sizin fikirləriniz maraqlıdır.
– Aİ-nin Cənubi Qafqaz siyasəti məni təəssüfləndirir. Çünki mən də Avropa İttifaqında yaşayıram və bu təşkilatın konseptual olaraq necə nüfuzdan düşdüyünü müşahidə edirəm. Aİ-nin nəyə nail olmağa çalışdığı, kimin maraqlarını müdafiə etdiyi tam aydın deyil. Aİ-nin müxtəlif qurumları ayrı-ayrılıqda fəaliyyət göstərir və faktiki olaraq onların hər birinin öz maraqları var. Ermənistana müşahidəçi missiyası göndərmək kimi gülünc qərarlar təşkilatı gözdən salır. Bunun Aİ-nin maraqları ilə necə əlaqəli olduğu və onun xarici tərəfdaşlarla münasibətlərini necə formalaşdırdığı aydın deyil. Təəssüf ki, Avropa İttifaqı lobbiçilərin bazarına çevrilib. Bu da Aİ strukturunun mənəvi cəhətdən çürüməsindən xəbər verir.
– Nə qədər gülməli səslənsə də, Ermənistanda Aİ-yə üzvlük sevdası baş qaldırıb. Sizcə, İrəvanın Aİ-yə üzv olmaq şansı varmı?
– Texniki və hüquqi baxımdan Ermənistan separatizmi dəstəkləyən dövlətdir. Bu isə Avropa dəyərlərinə uyğun gəlmir. Ona görə də hesab edirəm ki, İrəvanda nə qədər xəyal qursalar da, bu ölkənin Aİ-yə üzv olmaq perspektivi yoxdur.
Vəli Həsənov,
KONKRET.az