Koronavirus: ABŞ-da gündəlik rekord, Fransa ikinci dalğanı gözləyirbackend

Koronavirus: ABŞ-da gündəlik rekord, Fransa ikinci dalğanı gözləyir

ABŞ-dakı epidemioloqlar hakimiyyəti koronavirusun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. BMT dünyadakı hərbi münaqişələri ən azı üç ay dondurmağı xahiş edir, Fransa pandemiyanın ikinci dalğasına hazırlaşır və maska ehtiyatı toplayır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı bbc.com saytı yayıb.

Johns Hopkins Universitetinin məlumatına görə, hazırda dünyada 10.7 milyon xəstə və 516 min ölü var. ABŞ ən çox təsirlənən ölkə olaraq qalır, hər iki baxımdan digər ölkələrdən xeyli irəlidədir.

BMT Təhlükəsizlik Şurası pandemiyanın başlamasından bəri ilk qətnamə qəbul edib, bu qərar dünyanın bütün münaqişə tərəflərini COVID-19-un daha da yayılmasının qarşısını almaq üçün üç ay müddətinə atəşkəs elan etməyə çağırır.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq ölkələrinin koronavirusla mübarizədə bütün imkanlarını tükəndirdiyinə dair xəbərdarlıq edib. ÜST ekspertlərinin fikrincə, Suriya və Yəmən kimi münaqişə bölgələrində həkimlərin xəstəliyin yayılmasına nəzarət etmək üçün bir yolu yoxdur.

ABŞ-da vəziyyət getdikcə pisləşir

ABŞ-da yeni gündəlik insident rekordu qeydə alınıb – bir gündə 52 min yeni yoluxma. Ən pis vəziyyət Texas, Florida və Kaliforniya kimi böyük ştatlardadır. Bəzi ştatlar yenidən karantin tətbiq edib.

İnfeksiyanın yayılması Donald Trampın tibbi maskalar barədə fikrini də dəyişib. Əvvəllər maskaları yararsız hesab etdiyini deyən Tramp  indi bunu xəstəliklə mübarizədə əsas çarə olduğunu söyləyib. “Mən maskaların tamamilə tərəfdarıyam”, – Tramp  Fox Business Network-a müsahibəsində belə deyib. Prezidentin maska taxıb-taxmayacağına dair suala cavabında isə o, belə cavab deyib: “Əgər çətin bir vəziyyətdə olsam, əlbəttə, taxacam”.

ABŞ-ın baş epidemioloqu Entoni Fauçi epidemiyaya qarşı təcili mexanizmlər tapılmazsa, onun daha fəlakətli olacağı xəbərdarlığını edib.

“Həm yoluxmaların, həm də ölənlərin sayında hər şeydən çox əziyyət çəkdik. İndi bir problemlə üzləşirik: hökumət ölkəni nisbətən normal bir yola qaytarmağa çalışır, biznesi açır, ancaq bəzi ştatlarda yoluxmada kəskin sıçrayış var”, – Fauçi BBC-yə verdiyi müsahibəsində belə deyib.

O, ABŞ və Avropada görülən tədbirləri müqayisə edərək, bir çox Avropa ölkəsində lokdaunun orta hesabla 97%, ABŞ-da isə yalnız 50% tətbiq edildiyini bildirib. Onun fikrincə, ABŞ-da çoxu, xüsusən gənclər sosial məsuliyyətdən məhrumdurlar.

Qeyd edək ki, ABŞ-da epidemiya başlayandan bu yana 2.7 milyon insan xəstələnib, 128 min nəfər ölüb. Bu, dünyada ən pis nisbətdir.

Avropada yeni məhdudiyyətlər

Fransa epidemiyanın ikinci dalğasını gözləyir. Ölkə hakimiyyəti şirkətlərə və təşkilatlara maskalardan istifadəni tövsiyə edir. “Biz artıq növbəti tədris ilinin başlanmasına hazırlaşırıq və virusun geri qayıtmaq riski var”, – deyə Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi bildirib.

Johns Hopkins Universitetinin məlumatına görə, ölkədə bu günə qədər 203 min adam yoluxub, 29,8 min nəfər isə ölüb.

Serbiyada da xəstələnmə statistikası yenidən artdıqdan sonra ölkənin bəzi bölgələrində karantin tədbirləri tətbiq edilib. Ölkə Avropa Birliyi tərəfindən razılaşdırılmış ziyarət ediləcək ən təhlükəsiz ölkələr siyahısına daxil edilsə də,  Avstriya Serbiyadan gələnlərə məhdudiyyətlər tətbiq edə biləcəyini iddia edir.

Norveçin NRK televiziya kanalı isə bildirir ki, Oslonun qonşu ölkə ilə sərhəddə ciddi məhdudiyyətlər qoymasına baxmayaraq, sərhəd keşikçiləri veb kameraları vasitəsilə insanların İsveçdən ölkəyə necə girdiyini qeydə alıb.

Dünyada nə baş verir?

Latın Amerikasında da yoluxmalarda artım tempi müşahidə olunur. Xəstə və ölü sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdə olan Braziliyada 60 mindən çox insan koronavirusdan ölüb.

Cənubi Afrikada son 24 saatda 8,100 adam ölüb. Bu epidemiyanın başlamasından bəri ən yüksək nəticədir. Cənubi Afrikadakı vəziyyət isə bütün Afrika qitəsində ən acınacaqlıdr: 160 min xəstə, 2749 ölü var.

Bu arada Yeni Zelandiyanın səhiyyə naziri istefa verib. Onun karantin qaydalarını pozduğu məlum olub və ictimaiyyət ondan üzr istəməsini tələb edib. Qeyd edək ki, Yeni Zelandiya bir çox ölkəyə nisbətən koronavirusdan daha az zərər çəkib. Belə ki, epidemiya ilə uğurla mübarizə aparan ölkə hesab olunur. Orada 1530 nəfər xəstələnib, 22 nəfər ölüb. Xatırladaq ki, ölkə hakimiyyəti sərhədləri çox tez bağlayıb.

İsrail parlamenti isə təhlükəsizlik xidmətlərinə COVID-19 diaqnozu ilə vətəndaşların cib telefonlarına gələn mesajların üç həftə ərzində izlənməsinə icazə verilməsi barədə qərar qəbul edib. Qanuna əsasən, diaqnoz qoyulmadan 14 gün əvvəl bir insanın ziyarət etdiyi yerlər izləniləcək. Hakimiyyət artan yoluxmanın fonunda belə bir addım atdığını açıqlayıb. İsraildə ümumilikdə 26,2 min insan yoluxub, 322 nəfər isə ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*