Krediti olanların NƏZƏRİNƏ: Bank maaş kartınızdan pul tutursa, mütləq bu addımı atınbackend

Krediti olanların NƏZƏRİNƏ: Bank maaş kartınızdan pul tutursa, mütləq bu addımı atın

Maaş kartından məhkəmə qərarı olmadan vəsait tutulması məsələsi son günlər vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Xüsusilə kredit borcu olan şəxslər bankların maaş kartlarına müdaxilə etdiyini, bunun isə onları çıxılmaz vəziyyətdə qoyduğunu bildirirlər. Məsələ mübahisəli olduğundan, bankların bu addımı hansı hallarda atmağa hüququnun olub-olmaması geniş müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu, yalnız vətəndaş müqavilə imzalamaqla öz razılığını veribsə, qanuni sayılır..

Əkrəm Həsənov: “Devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola bilər”

Ekspert qeyd edib ki, kredit müqavilələrində borcalan çox vaxt diqqət etmədən bankın maaş kartından birbaşa vəsait çıxarma səlahiyyətinə razılıq verir:

“Əgər siz mənə borc versəniz və mən öhdəliyi yerinə yetirməsəm, bank mənim maaş kartımdan tutma edə bilər. Bu əsasla da banklar həmin addımı atır və vətəndaş çətin vəziyyətdə qalır.”

Ə.Həsənovun sözlərinə görə, belə hallarla qarşılaşan şəxslər işəgötürəndən maaşın başqa bankdakı hesabına köçürülməsini tələb edə bilər. Qanunvericiliyə əsasən, işəgötürən buna əməl etməlidir. Lakin ekspert vurğulayır ki, bir çox hallarda müəssisələr banklar arasında mövcud olan qeyri-rəsmi razılaşmalara görə bu tələbi yerinə yetirmirlər:

“Bu kimi razılaşmalar vətəndaşın hüquqlarını pozur və tamamilə qanunsuzdur.”

Ekspert vətəndaşlara müqavilə şərtlərini diqqətlə oxumağı və maaş kartı ilə bağlı öhdəliklərə xüsusi diqqət göstərməyi tövsiyə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*