Kredit götürmək istəyənlərə VACİB XƏBƏR: Dərhal bunu tələb edin…backend

Kredit götürmək istəyənlərə VACİB XƏBƏR: Dərhal bunu tələb edin...

Son vaxtlar sosial şəbəkələrdə guya depozit qarşılığında kredit verən saxta səhifələr yaradılır. Bildirilir ki, həmin səhifəni işlədən dələduzlar yüksək kredit qarşılığında vətəndaşdan nisbətən az məbləğdə pul istəyirlər. Ötən gün kredit götürmək istəyən Ağdam sakini Loğman Əşrəfov TikTok səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi ondan 10 min manatın qarşılığında 608 manat depozit tələb edib. Vətəndaş 608 manat “depoziti” ödədikdən sonra dələduzlar yoxa çıxıblar.

KONKERT.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, vətəndaşların tanımadığı şəxslərə güvənib pul köçürməsi yanlış addımdır:

“Davamlı xəbərdarlıqlara baxmayaraq, hələ də bu cür dələduzluqların qurbanı olanlar var. Ofisi, qeydiyyatı olmayan bir “quruma” necə güvənmək olar? Vətəndaş düşünməlidir ki, 10 min manat kredit verən biri niyə depozit tələb etsin?! Həmin fırıldaqçılar sosial şəbəkələrdə özlərini “bank” adlandıra bilər, lakin insanlar diqqətli olub, inanmamalıdırlar.

Tək bu məsələdə yox, ümumiyyətlə, istənilən yerdə ödədiyin məbləğ üçün qəbz, sənəd və cavabdeh şəxsin şəxsiyyət vəsiqəsini tələb etməlisən. Belə fırıldaqçıların fəaliyyət göstərdikləri konkret ünvanlar var. Eyni qaydada depoziti orada verməyi tələb edirlər. Yenə də ödəniş qarşılığında qəbz və ya hər hansı bir sənəd verilmir. Belə olan halda, əlbəttə, vətəndaş aldanacaq. Hansısa qazanc, kredit və ya nəsə almaq üçün sosial şəbəkə üzərindən kiməsə pul göndərmək risklidir”.

Ekspert qeyd edib ki, Mərkəzi Bankın rəsmi saytında bütün bankların, həmçinin Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) adları və ünvanları qeyd olunub:

“Kimsə özünü BOKT kimi təqdim edirsə, bunu dərhal saytda yoxlamaq olar. Hətta Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edərək belə oyunlar qurulur. Bununla bağlı dəfələrlə mənə müraciətlər olub. Bildirilir ki, guya şirkətdə müəyyən bir investisiya proqramı keçirilir, bura yatırım etsəniz, ayda nə qədərsə pul qazanacaqsınız. İnsan bu vədlərə inanmamalıdırlar. Çünki pul qazanmaq üçün belə asan yol yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*