Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Hindistana qarşı bəyanatlarını təzyiq və faktiki hədələmə kimi qiymətləndirib.
KONKRET.az bildirir ki, o, bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Biz çoxsaylı bəyanatları müşahidə edirik ki, bunlar hədə kimi qəbul oluna bilər. Bu, suveren dövlətləri Rusiya ilə ticarət əlaqələrindən imtina etdirməyə yönəlmiş cəhdlərdir. Biz bu cür addımları qeyri-qanuni hesab edirik”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bundan öncə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Hindistanın Rusiya neftini alması və daha sonra onu üçüncü ölkələrə satması ilə bağlı sərt tənqidlər səsləndirib. O, bu hal davam edərsə, Hindistana qarşı yüksək gömrük rüsumları tətbiq olunacağını bildirib. Tramp konkret rəqəmlər açıqlamasa da, nəticələrin ağır olacağını vurğulayıb.
Hindistanın cavabında isə qeyd olunub ki, Rusiya neftinin alınması Qərbin sanksiyaları fonunda zəruri addımdır. Eyni zamanda, Dehli rəhbərliyi ABŞ və Avropa İttifaqının özü də Rusiyadan bəzi məhsullar – o cümlədən gübrə və metalları almağa davam etdiyini xatırladıb.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp Rusiya və onun ticarət tərəfdaşlarından idxal olunan mallara qarşı 100%-lik rüsum tətbiq ediləcəyi ilə hədələyib. O, bu addımı Ukrayna müharibəsi 50 gün ərzində – yəni sentyabrın 3-dək başa çatmasa atacağını deyib. Daha sonra bu müddəti azaldaraq avqustun 8-nə qədər vaxt verdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az