Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…backend

Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…

Son günlər azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslərin Rusiyanı kütləvi şəkildə tərk etməsi istiqamətində yayılan xəbərlər müzakirə obyekti olub. İddialara görə, artıq azərbaycanlı iş adamlarının siyahısı da hazırlanıb və onların ofislərinə ardıcıllıqla basqın ediləcək.

Bu proses necə irəliləyə bilər? Rusiyada sıxışdırılan azərbaycanlı oliqarxlar hara üz tutacaqlar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, həmin şəxslər yalnız Rusiya yox, digər ölkələrin də vətəndaşlığına sahibdirlər:

“Əksəriyyəti əsasən Rusiya vətəndaşıdır. Lakin Kremlin iş adamlarına qarşı ögey münasibəti ölkə sisteminin nə qədər qeyri-obyektiv olduğunu göstərir. Rəsmi Moskva etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni məsafədə davranmalıdır. Görünən odur ki, bu yanaşmanı qorumağa maraqları yoxdur. Hazırda Rusiyada yaşayıb maddi imkanı çox yüksək olan şəxslərin bir neçə pasportu var. Onlar arasında bəzi Avropa ölkələri, o cümlədən ABŞ vətəndaşlığı olanlar da mövcuddur. Lakin sanksiyalar səbəbindən bu şəxslərin qeyd edilən yerlərə köçməsi asan deyil”.

“Əgər Ruisyadakı iş adamlarımız öz vəsaitlərini Azərbaycana ötürmək və burada böyük investisiyalar etmək istəyirlərsə, onlara uyğun şərait yaradılmalıdır. Hər platformada Rusiyanın nə qədər millətçi və şovinist bir dövlət olduğu üzə çıxarılmalı və beynəlxalq aləmdə xüsusi vurğulanmalıdır. Çünki etnik mənsubiyyətinə görə vətəndaşlarına qarşı təqib həyata keçirmək natsizm və şovinizm xarakteri daşıyır. Bu cür yanaşmalar dünya tarixində mənfi qarşılanıb”.

Ağ Partiya sədri Tural Abbaslı isə bildirib ki, Rusiya həm xarici, həm də daxili aləmdə aqressiv siyasət həyata keçirir:

“Moskvanın hər cür addım atması mümkündür. İki ölkə arasında gərginlik artdıqca, Rusiya vətəndaşı olan, eyni zamanda Federasiyanın pasportunu daşıyan Azərbaycan əsilli şəxslərə, iş adamlarına, cinayətkar qrupların üzvlərinə və adi vətəndaşlara qarşı hücumlar yaşandı. Bu hadisələr təsadüfi deyil. Hətta bəzi Rusiya siyasi elitasının yüksək rütbəli üzvlərinin vətəndaşlığı ləğv edilib. Bir çox iş adamlarının ofislərinə basqınlar təşkil olunub və müxtəlif dövlət qurumları tərəfindən vergi yoxlamaları aparılıb”

T.Abbaslının sözlərinə görə, Moskva-Bakı münasibətləri daha da gərginləşərsə, Rusiya bu siyasəti irəli apara və ölkədəki azərbaycanlı iş adamlarına müxtəlif təzyiqlər göstərməyə davam edəcək:

“Onların ofislərinə basqınlar edilə, yoxlamalar aparıla, hətta övladları şərlənərək müxtəlif tələlərə salına və müəyyən tələblər irəli sürülə bilər. Həmçinin şəxsi fəaliyyətləri, vergi ödənişləri və digər bürokratik məsələlərin də araşdırılması mümkündür. Bu baxımdan, Rusiyadakı Azərbaycan əsilli iş adamlarının ehtiyatlı olmaları vacibdir. Ən yaxşı variant, öz bizneslərini ölkəmizə köçürməkdir. Ümumilikdə, Rusiya hakimiyyətindən hər cür təzyiq və vəhşilik gözlənilə bilər. Buna görə də Azərbaycan öz vətəndaşlarını qorumağa xüsusi diqqət yetirməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*