Oktyabrın 31-də Soçidəki üçtərəfli görüş mühüm özəlliklərlə yadda qalıb.
KONKRET.az xəbər verir ki, istər ikitərəfli, istərsə də üçtərəfli görüşlər zamanı maraqlı məqamlar yaşanıb.
Kremlin sonuncu Soçisi
Rusiya həmin görüşdə sülh müqaviləsinə nail olmaq istəyirdi. Yoxsa Lavrov dəhliz və otaqlar boyu ermənilərin arxasınca qaçmaz, bəzi hallarda Nikolu qulaqlamazdı. Moskva bu işdə Bakı və İrəvan üçün Qərbin daha səmərəli görünməsindən möhkəm narahatdır. Ona görə də Putin Soçidən Moskvaya əliboş qayıtmaq istəmirdi. Təsadüfi deyildi ki, 3 ölkə liderlərinin görüşünə paralel XİN rəhbərlərinin də müzakirələri gedirdi. Kreml 35 ildir ki (1988), dirsəkləndiyi Qarabağ masasından əlini çəkmək istəmir. Yəni Soçidə sülhə nail olmasa da, görüşün yekun bəyanatını yaydı. Düzü, Kremlin Qərbə budəfəki əzələ nümayişi pərt olmaqla yekunlaşdı.
Yekun Sülh Sazişinin Soçidə imzalanmayacağı isə Ermənistan və Azərbaycan liderlərinin Putinlə təkbətək görüşlərinə nəzər yetirəndə hiss olunurdu:
– Putinin “Qarabağ ətrafında” ilə başlayan söhbətinə Paşinyanın “Dağlıq Qarabağ” sözü olan cümlə ilə cavab verməsindən sülh iyi gəlmirdi.
– Prezident İlham Əliyevin Putinlə görüşdəki qəti mövqeyi isə həm də Rusiya liderinin Valdayda danışdıqlarının cavabı oldu:
“Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Bu münaqişə iki il bundan qabaq həll olunub. Ona görə də burada bu konteksdə müzakirə olunacaq heç nə yoxdur”.
Bəlkə də sonuncu Soçi görüşü Kremlin Cənubi Qafqazdakı sülhə qabırğa olması baxımından axırıncı şansı idi.
Diplomatik savaş davam edir
Soçidən sonra Nikol Paşinyan İrana səfər edib. Amma burada söhbət yalnız Tehran və İrəvan arasındakı əməkdaşlıq sazişindən getmir. Bu daha çox böyük xülyalı iki millətin xəyalpərəst ağlaşması və məkirli planlaşdırmasıdır. Çox incə və maraqlı bir məqama diqqət çəkmək istərdim:
– Türkiyə-Azərbaycan sərhədi 15 kilometrdir
– İran-Ermənistan sərhədi 35 kilometrdir
Türkiyənin Ermənistanla sərhədi Azərbaycanla olan quru əlaqədən dəfələrlə çoxdur. Amma Ankara Bakının haqq işinə dəstək üçün Ermənistanla sərhədi bağlı saxlayıb.
İranın Azərbaycanla dövlət sərhədi 765 kilometr, Ermənistanla isə 35 kilometrdir. İran Ermənistanla quru əlaqəsindən 22 dəfə böyük olan Azərbaycan sərhədi boyunca hərbi təlim keçirir. İşğal dövründə Ermənistanla Qarabağdan narkotrafik kimi istifadə edirdilər. İranın adı islam respublikasıdır, ancaq heç vaxt haqqın yanında olmayıb. Özü də Azərbaycan müsəlmanlarının əksəriyyəti şiə təriqətinə mənsub olsa da, molla rejimi məsciddə donuz saxlayanları səcdəgah qədər mühafizə edir.
• Azərbaycan-Ermənistan sərhədi 1007 kilometrdir
Ən böyük problemləri də elə ən böyük sərhədlərə malik Ermənistanla yaşayırıq. Bəli, Rusiyadan suyu süzülə-süzülə qayıdan Paşinyan pravoslavları şiələrə dəyişib islam dəstəyi qazanmaq istəyir ki, Azərbaycana qarşı əlini gücləndirsin.
Bəs Ərəb Dövlətləri Liqası?
Soçi görüşündən sonra Nikol Paşinyan İrana üz tutdusa, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinin Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün Əlcəzairə səfər edib.
Ərəb Dovləri Liqasının üzvləri:
İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən, Küveyt, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan, Somali, Fələstin, Cibuti, Qəmər (Komor) adaları
İran bu liqada yoxdur, ancaq farsların təsir gücü – Livan (Hizbullah), Yəmən (husilər) və Fələstində (Həmas) hiss olunur. Liqaya daxil olan dövlətlərin çoxu isə İranın parçalanmasının tərəfdarıdır. Burada iki amil var:
1. Məzhəb – ərəb ölkələrinin mütləq əksəriyyəti sünnidir və şiəliklə barışmırlar. İnanc polemikaları isə savaşa da səbəb ola bilər.
2. Ərəb ölkələrinin çoxu ABŞ-ın təsirindədir və bu faktın özü İrana qarşı koalisiyanı yaratmaq iqtidarındadır.
Sadəcə, Amerika hazırda İranın parçalanmasına soyuq yanaşır və İsraillə əldə olunmuş razılığın icrasında ləngiyirlər. Yoxsa İran hələ də iğtişaş rejimində yox, parçalanma etapında idi.
Ermənilərin isə taleyini öz taleyi müzakirə masasında olan İrana həvalə etməsi qeyri-ciddi qərardır və Azərbaycana təsir-təzyiq gücündə deyil. Çünki Azərbaycanın xarici siyasəti o qədər mükəmməldir ki, Bakıya yönəlik təhdidlərin hamısı zərərsizləşdirilir.
Anar Rəhimov,
KONKRET.az