Kremlin SÜLH hazırlığı və SÜLHMƏRAMLI separatçılarının Kəlbəcər hücumu – NƏ BAŞ VERİR?backend

Kremlin SÜLH hazırlığı və SÜLHMƏRAMLI separatçılarının Kəlbəcər hücumu - NƏ BAŞ VERİR?

Kreml Azərbaycan və Ermənistan liderlərinin Rusiyada mümkün görüşü üçün lazımi yardımı göstərməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov danışıb.

Bu arada ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub. Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Sülh və sülhməramlı təzadı

II Qarabağ müharibəsinin Kremlin tələbi, yaxud təşəbbüs ilə dayandırılması pozitiv aurada təqdim olunsa da, bəzi insanlar arasında neqativ qarşılandı. Daha dəqiq desək, ümidsizlik yaratdı. Səbəb:

1. Rusiya Azərbaycanı Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə işğal edib;

2. Çar Rusiyasının dağılmasının gedişatında Azərbaycan Xalq Cümhuriyyəti (1918) yaradılıb;

3. Lakin rusların sovet ittifaqı adlı yeni imperiyasının da işğalına (1920) məruz qalmışıq;

4. Kreml MDB-yə üzvlük çərçivəsində olsa belə, caynaqlarını müstəqil Azərbaycandan çəkmək niyyətində deyil;

5. Ermənilərin Azərbaycana köçürülməsi XIX əsrin ortaları, XX əsrin əvvəllərində intensivləşib;

6. 1905-1918-ci illər ərzində ermənilər rusların himayəsi ilə azərbaycanlılara qarşı soyqırım və deportasiyalara start veriblər;

7. Kremli Cənubi Qafqazda saxlayacaq ilk münaqişə ocağı kimi Naxçıvan nəzərdə tutulsa da, Türkiyə Moskva və Qars müqavilələri ilə bu planı pozub;

8. 1918-ci ildə İrəvanımızı rus və fransızların silahlandırdığı daşnaklara verməli olmuşuq;

9. SSRİ Zəngəzur və Göyçənin Ermənistan SSR-ə qatılmasını asanlıqla təmin edib;

10. Azərbaycanın parçalanma siyasəti 1923-də Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması ilə yekunlaşıb;

Yuxarıda qeyd olunan ümidsizlik indiki proseslərin fonunda özünü doğrultmaqdadır. Çünki Dağlıq Qarabağ ifadəsi azərbaycanlılar üçün tarixin arxivinə qovuşsa da, Arayik “France24″də prezident kimi təqdim olunur, Rusiya Müdafiə Nazirliyi sülhməramlı missiyalarının məsuliyyət zonasını “Dağlıq Qarabağ Respublikası” adlandırır.

Putin uğursuz Soçidən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Moskva görüşünə nail olmaq istəyir. Görüşün yaxın günlər, ya da iki həftə ərzində reallaşacağı deyilir. Kreml niyə əl-ayağa düşüb?

• Praqa görüşü və sülhün Vaşinqton variantı Rusiyanın regiondakı varlığının finişi olacaqdı.

Rusiya sülh masasında istəyinə nail olmaq üçün bu kartlarla əlini gücləndirib:

– Fransa erməni himayədarlığında cızığından çıxıb;

– İran Ermənistanı “qırmızı xətt” adlandırıb;

Bununla da, Kreml Xankəndi mövcudluğunu uzatmağa səy göstərir. Axı Soçidə missiyanın qeyri-müəyyən vaxta qədər uzadılmasına Bakıdan yox cavabı gəlmişdi. Ona görə də Rusiya hər vasitə ilə Azərbaycanın mövqeyini dəyişmək istəyir. Və buna tezliklə nail olmağı hədəfləyib. Belə ki, Paris, Moskva və Tehran üçün vaxt daralır. Gələn ilin ilk yarısında bu ölkələrdə baş verəcək olaylar başlarını öz işlərinə qarışdıracaq və onlar yataq xəstəsi durumuna düşəcəklər. Yataq xəstələri isə heç qonşu qapısını döymək iqtidarında deyil, o ki qaldı qonşu evinə girə. Bu cür qənəatə gəlmək olar ki, Rusiya 2022-nin sonunda Qarabağla bağlı istəyinə çatmasa, 2023-də Kremlin kölgəsi Cənubi Qafqazı qaraltmayacaq.

Anar Rəhimov,

KONKRET.az

P.S. Deyilənə görə, Qarabağ atları II Yekaterinanın otağına girəndə erməni keşişlər şam tuturmuş və hər şey o vaxtdan başlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*