Moskvada “Valday” Beynəlxalq Diskussiya Klubunun “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusunda 19-cu illik toplantısı keçirilib.
KONKRET.az olaraq diqqəti toplantıda erməni politoloq Aleksandr İskəndəryanın Vladimir Putinə sualı və Rusiya liderinin verdiyi cavaba yönəltmək istərdik.
A.İskəndəryan: “Sualım ölkəm (Ermənistan) və onun yerləşdiyi region barədədir. Son dövrlər Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin hazırlanması barədə müzakirələr gedir. Bu diskussiyalar iki həll variantının olması barədədir. Qərb və Rusiya çözümü var. Riskli vəziyyətdir. Bu duruma Rusiya necə reaksiya verəcək?”
V.Putin: “Əvvəl ictimaiyyət qarşısında bu haqda danışıb-danışmadığımızı bilmirəm, amma burada sirr saxlanılası nəsə görmürəm. Uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq aparırdıq və Qarabağ məsələsinin belə nizamlanmasını təklif edirdik: Ermənistan Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz deyirdik ki, əlaqələri normallaşdırmaq lazımdır. Kəlbəcər və ondan cənubda olan (Laçın) rayon koridor kimi istifadə olunsun, digər 5 rayonu isə Azərbaycana qaytarın. Onlar lazım deyillər, boş qalıblar. Qarabağın ermənilər yaşayan hissəsi ilə əlaqə üçün 2 böyük (Kəlbəcər-Laçın) rayondan istifadə kifayət edirdi. Hesab edirdik ki, bu ədalətli həll yolu idi. Amma Ermənistan hökuməti öz yolu ilə getdi və onların seçimi bugünkü situasiyaya gətirib çıxartdı”.
• Putinin cavabının bu hissəsində saymazlıq, hörmətsizlik hiss olunurdu. Məsələn bizim rəsmilərdən kimsə “Moskvadan şimalda vannada ölən çarlarının adına bir şəhər var idiye”, – deyə Sankt-Peterburqu təsvir etsə, Peskovla Zaxarova aləmi bir-birinə vurar. Həm də Laçın koridoru Rusiyanın Cənubi Qafqaz siyasi leksikonunda ən çox istifadə olunan 10 termindən biridir. Bundan başqa, onun intonasiyası II Qarabağ müharibəsində ermənilərin uduzmağını öz məğlubiyyəti kimi qələmə verirdi. Sanki ermənilərə demək istəyirdi ki, “neylədiz, ay haylar. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamı qaytaracaqdıq, vəssalam. Azərbaycan nə Kəlbəcər, nə Laçın, nə də Hadrut ilə Şuşanı görəcəkdi. Mən hələ Xocavənddən danışmıram”. Yəni ATƏT-in Minsk Qrupu da, Kreml də Qarabağı ermənilərə hədiyyə vermək istəyirdi. Belə faktlar bunu bir daha isbatlayır. Təsəvvür edin, ruslar 5 rayonu Azərbaycana verib Kəlbəcərlə Laçını İrəvan-Xankəndi koridoru kimi saxlamaq niyyətində olublar. Bununla da Kremlin növbəti qondarması yaranacaqdı.
Putinin erməni politoloqa cavabının ardı:
“O ki qaldı sülh müqaviləsinə, biz də sülh sazişini lazımlı sayırıq. Hansı variantı seçmək isə ermənilərin işidir. Sülhə səbəb olacaq istənilən variantın lehinəyik. Amma heç nə sırımaq istəmirik. Ermənistana nə barədəsə diktə də edə bilmərik. Sülhün Vaşinqton variantında ümumən Qarabağda Azərbaycanın suverenliyinin tanınmasından söhbət gedir. Ermənilər bunu düzgün bilirsə, buyurun. Erməni xalqının istənilən seçimini dəstəkləyirik. Əgər ermənilər hesab etsələr ki, Qarabağla bağlı xüsusi özəlliklər olmalıdır və bunu sülh sazişində müzakirə etmək lazımdır, bu da mümkündür. Sözsüz ki, bu müddəaları Azərbaycan tərəfi ilə razılaşdırmaq gərəkdir. Çətin məsələdir. Amma Ermənistan bizim strateji tərəfdaş, müttəfiqimizdir. Buna görə də Azərbaycanın mövqeyini nəzərə almaqla əsas oriyentasiyamızı Ermənistanın təklifinə yönəldəcəyik”.
• Rusiya liderinin cavabının bu hissəsində ikibaşlı şantaj sezilir. Özünü də sülh tərəfdarı kimi sırıyan Putin Vaşinqton variantından bəhs edərkən mühüm faktı elə tərzdə səsləndirib ki, sanki bu belə olmalı deyil. Paşinyanın seçmək istədiyi sülhün Vaşinqton variantında Qarabağda Azərbaycanın suverenliyinin tanınması yer alıb. Dolayısı ilə sənəd “miatsum”, “böyük ermənistan”, “arsax” ideologiyalarını rədd edir. Putin isə mətnaltı məna dolu cümlələri ilə bu ideologiyaların yer ala biləcəyi sülhə işarə edib. Azərbaycanda bir yaxşı məsəl var: kişi tüpürdüyünü yalamaz. Heyif ki, bu məsəl Rusiyada yoxdur. Yoxsa Kreml sahibinin də yadına düşərdi ki, Azərbaycanın ərazi bütövlüyünü o da, başçılıq etdiyi Rusiya da tanıyıb. Sadəcə, Azərbaycanın gücləndiyini görən Rusiya regiondakı mövcudluğunun finişə yaxınlaşdığını hiss edir. Bu səbəbdən sülh prosesini ləngidib, yeni toqquşmalar yaratmaq onların işinə yarayır. Bölgədə sülhməramlı adı ilə hərbi mövcudluqlarının başqa yolu qalmayıb.
Putin bilir ki, yekun sülh imzalansa, Paşinyan hökuməti rusların göstərdiyi xidmətləri Avropa İttifaqı ilə əvəzləyəcək. Gümrüdə rus yox, NATO hərbi bazası ola bilər. Ona görə də Moskva İrəvanı ya təhdid edir, ya da şirnikləşdirir. Putin cavabının sonunda açıq şəkildə bildirib ki, Azərbaycanın mövqeyini nəzərə almaqla Ermənistanın təklifinə üstünlük verəcəklər. Çünki İrəvan Moskvanın strateji tərəfdaşı və müttəfiqidir. Moskvanın Bakı ilə də müttəfiqlik bəyyanaməsi olduğundan Putin Azərbaycanın mövqeyi deyə xalaxətri pıçıldayıb.
Videonu təqdim edirik:
KONKRET.az-ın Analitik Qrupu