Krımın ilhaq problemi dünya gündəmdəki yerini və əhəmiyyətini qoruyur. Rusiya bu işğalı qondarma “demokratik” pərdə ilə ört-basdır edərək, Krımın ilhaqını unutdurmağa çalışır. Lakin bütün dünya bunun işğal olduğunu, eləcə də Krımın Rusiyanın güc və şiddət tətbiq edərək haqsız olaraq ələ keçirdiyi qədim bir türk torpağı olduğunu bilir.
KONKRET.az xəbər verir ki, Krımın ilhaqı ilə əlaqədar Ukrayna dünyada diplomatik təşəbbüslərini davam etdirir. Dekabrın 7-də BMT Baş Məclisi Krımın işğalını yenidən müzakirəyə çıxardı və 63 ölkənin dəstəyini qazandı. Baş Məclisin qərarı ilə Rusiya Federasiyasının silahlı qüvvələrinin işğal olunmuş Ukrayna ərazilərindən çıxarılması tələb edildi. Səsvermə zamanı 62 ölkə bitərəf qaldı və yalnız 17 ölkə Rusiyanı dəstəklədi. Qərarda deyilir ki, “İşğal qətiyyətlə pislənilir, Rusiya tərəfindən Ukraynaya məxsus əraziyə təyyarələrin, raket atıcılarının və nüvə silahlarının yeridilməsini narahatlıqla izləyir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna hərbi-sənaye müəssisələrindən istifadə halları pislənilir “… BMT-nin bu qətnaməsinin icrası məcburi olmasa da, sənəd dünya birliyinin ictimai qınağı kimi qiymətləndirir.
Yaxşı, sonra nə olacaq?
Bu yaxınlarda Krım Nazirlər Şurasının sədri Sergey Aksyonov, Rusiya mətbuatına verdiyi müsahibədə, yarımadanın ilhaqı ilə əlaqədar ona ünvanlanan suallara maraqlı bir cavab verdi: “Əminəm ki, bu hamı üçün köhnə və darıxdırıcı bir nəğmədir!” Doğrudanmı Krım zamanla köhnə və darıxdırıcı bir nəğməyə çevrilir?
Yarımada Rusiya üçün həyati əhəmiyyət daşıyır. Və bu torpaqları nəzarətində saxlamaq üçün Rusiya əlindən gələni edir. 1944-cü il sürgünündən sonra vətənlərinə qayıda bilən Krım tatarları Krımda misilsiz zülmə məruz qaldılar. Ötən illər ərzində bir çox Krım türkü heç bir səbəb olmadan həbs olundu. Bəziləri itkin düşdü və bir müddətdən sonra qəribə bir şəkildə ölü tapıldı.
Ukrayna ilə münasibətlərimizdəki ən vacib əlaqə nöqtəsi, şübhəsiz ki, Krımdır. Ona görə də Türkiyə ilə Ukrayna arasında sıx əməkdaşlıq hər gün artır. BMT Baş Məclisinin qərarına səs verən ölkələr arasında Ukrayna və Türkiyədən başqa Macarıstan, İtaliya, İsrail, Yaponiya, İspaniya da var. Əleyhinə səs verənlər arasında isə Çin, Ermənistan, İran, Serbiya, Suriya və təəssüf ki, Qırğızıstan var. Qazaxıstan isə bitərəf qalanlar arasında idi.
Bəs Türk diasporası Krım məsələsində niyə bitərəfdir? Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti Türk Şurası ölkələri tərəfindən hələ tanınmamışdır! Əlbətdə ki, Türk Şurası, ölkələrin vahid bir diaspora olmasını və birlikdə hərəkət etməsini istəyir. Lakin əmələ gələndə bunu görmürük. Məsələn əvvəlki məclisdə qərarın “əleyhinə” səs verən Qazaxıstan bu il bitərəf qaldı. Ümid edək ki, gələn il bu məsələdə Qazaxstan Türkiyənin tərəfində olacaq. Bəli, zamana ehtiyacımız var. Bütün qardaş ölkələr arasında səbr, əzm və həvəs sayəsində Kasprinskinin “dildə, əməldə, düşüncədə birlik” ideyalarının yaxın gələcəkdə təcəssüm edəcəyinə qətiyyətlə inanırıq. Bu qardaş ölkələrin mövcud olduğu sosial-mədəni, iqtisadi və strateji reallıqları nəzərə alaraq əlaqələri gücləndirmək və sıralarını birləşdirmək üçün hər birimizin üzərinə mühüm vəzifələr düşür. İndiki halda ittihamlardan qaçaraq bir-birimizə simpatiya və rəğbət göstərərməliyik. Çünki,son məqsədə gedən yeganə yol birlikdən və qarşılıqlı etimaddan keçir.
Bu gün kimlərsə deyir ki: “Krım köhnə və darıxdırıcı bir nəğmədir!” Bizsə deyirik: “Krım türk xalqının əbədi bir nəğməsidir və bir gün hamımız o nəğməni birlikdə oxuyacağıq!”
“Türkiye” qəzeti, 22 dekabr 2020.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az