Ermənistanı yeni geosiyasi oyunlara qoşmaq üçün Qərb yeni planlar hazırlayır. Bunun üçün Ermənistan əzəli müttəfiqi Rusiya ilə oyunu bitirməli və Qərbin çaldığı ilə oynamalıdır. Artıq ilk akkordlar vurulub və ermənilərin xilaskar hesab etdikləri Fransa Ermənistanı yeni meydana çəkir.
Düşmən ölkəyə yeni növ silahlar və müasir döyüş texnikasını verməyi planlaşdıran Fransa bununla Cənubi Qafqazda özünün təsir dairəsini yaratmağa çalışır. Bu məsələdə Rusiyanın mövqeyi birmənalı deyil və Ermənistanın hər bir addımını Şimal qonşumuz diqqətlə təhlil edir.
Rusiyalı politoloqlar və hərbi ekspertlər hesab edir ki, Fransadan müasir silahlar almağa Ermənistan bu qədər vəsait xərcləməz. Deməli, Fransa Ermənistana bəzi silah partiyalarını peşkəş verəcək.
KONKRET.az xəbər verir ki, rusiyalı hərbi ekspert, Siyasi və Hərbi Təhlil İnstitutunun analitik şöbəsinin rəhbəri Aleksandr Xramçixin bildirib ki, Fransa Ermənistana yalnız özünün istehsal etdiyi silahları verə bilər:
“Fransızlar özlərinin istehsalı olmayan silahları çətin ki, Ermənistana sata bilsinlər. Eyni zamanda, fransızlar indi Ukraynaya verməyə silahlarının olmamasından şikayətlənir.
Maraqlıdır, bir tərəfdən silah satmağa hazırlaşırlar, digər tərəfdən isə silahlarının olmamasından gileylənirlər. Ermənistan həmişə şikayət edib ki, Qərb KTMT-nin üzvü olduğu üçün ona silah satmır. İndi nə baş verdi, Ermənistan KTMT-dən çıxdı? Deməli, KTMT İrəvana Qərbdən silah tədarük görməyə heç bir maneə yaratmır. Fransa Ermənistanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə imzalamağa hazırdır. Bu barədə ölkənin xarici işlər naziri Ketrin Kolonna oktyabrın 4-də Ermənistana səfəri zamanı bildirib. Fransa dünyada hər cür silah istehsal edən dörd ölkədən biridir. Digər üçü ABŞ, Rusiya və Çindir. Burada yenə sual yaranır, əgər Ermənistan silah bazarına üz tutursa Rusiyadan niyə yan keçir?”.
Hərbi ekspert bildirib ki, Fransadan alınan silahlar Ermənistan silahlı qüvvələrində effektli olmayacaq. Xramçixin Ermənistanın silah arsenalındakı sovet, rus, İran və Hindistan silah növlərinin ahəngdar işləyəcəyinə şübhə ilə yanaşır: “Buna baxmayaraq, ölkələr bir-birilərindən silah alır. Ən çox silah idxal edən Misirdir. Onlar 10-dan çox ölkədən silah alır və çox güclü orduya malikdirlər. Amma müxtəlif ölkələrdən alınan silahlar modifikasiya edilir”.
Xramçixinin qeyd etdiyi kimi, müxtəlif istehsalçıların bir çox silah növlərini özündə birləşdirən mürəkkəb, lakin effektiv işləyən müdafiə sistemi mövcuddur: “İşin çətin tərəfi də burdadır. Arsenalındakı silahların modifukasiya etmək çətin və mürrəkəb məsələdir. İnanmıram ki, Ermənistan bunun öhdəsindən gələ bilsin”, – deyə hərbi ekspert bildirib.
Vəli Həsənov,
KONKRET.az