Kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) xüsusi bölməsi Rakka əyalətinin şimalında (Dəməşqdən 520 km aralıda) terrorçulara qarşı əməliyyat keçirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, kürd döyüşçüləri ABŞ Hərbi Hava Qüvvələrinin helikopterləri ilə İŞİD ekstremist qruplaşmasının liderlərindən biri Əbu Amir əd-Diabın gizləndiyi evin yaxınlığına enib. Qısa atışmadan sonra onlar Suriya, İraq və digər ərəb ölkələrində İŞİD-in təxribatçı qruplaşmalarının maliyyələşdirilməsinə cavabdeh olan terrorçunu yaxalaya biliblər.
Qeyd olunub ki, əvvəllər antiterror əməliyyatları kürdlər tərəfindən Əl-Buseyra və Əş-Şuheyl kəndlərində keçirilib. Şahidlərin sözlərinə görə, atışmada azı 3 mülki şəxs həlak olub, yaralananlar var.
ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının komandanlığından Amerika helikopterlərinin dəstəyi ilə keçirilən əməliyyatla bağlı hələlik heç bir şərh verilməyib.
Qeyd edək ki, Kürd qüvvələri Suriyanın Həsəkə və Rəqqa əyalətlərinin əksəriyyətinə, həmçinin Deyr əz-Zor vilayətinin şimal rayonlarına nəzarət edir. 2015-ci ildən bəri ABŞ komandanlığı bu bölgədə doqquz hərbi baza yaradıb.
İqbal Rzayev,
KONKRET.az