Dekabrın 14-ü Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər, Laçın rayonlarındakı mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan hədəfə alınıb.
KONKRET.az xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Şuşa-Xankəndi yolundakı etirazın 4-cü günüdür.
– Qeyri-rəsmi məlumatlara görə, hazırda Laçın və Kəlbəcər istiqamətində müəyyən faydalı yataqlar uğrunda əməliyyat keçirilir. Bəziləri həmin ərazidə atəşkəsin pozulması və mina terrorunu bununla əlaqələndirir;
– Məlumatı təkzib edəcək fakt odur ki, qeyd olunan ərazilər Azərbaycanın nəzarətindədir və ermənilər o rayonlardan çoxdan çıxarılıb;
– İnformasiyada təsdiq şübhəsi yaradan isə sülhməramlı nəzarətində olan Laçın dəhlizi vasitəsi ilə erməni diversantların həmin zonaya səpələnə bilməsidir;
– Bundan başqa, rusiyalı kontingent vaxtaşırı separatçıları Kəlbəcərdəki Xudavəng monastrına aparırdı. Belə “ziyarətlər”dən sonra mina terrorunun baş verməsini gözləmək olar. Çünki Ermənistan terror üzərində qurulan dövlətdir. Örnək kimi “Susuzluq faciəsi”ni göstərmək olar. Belə ki, 2021-ci il iyunun 4-də Kəlbəcərin bu kəndində baş verən mina partlayışı nəticəsində media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimov, Kəlbəcər RİH-nin Susuzluq kəndi üzrə nümayəndəsi Arif Əliyev şəhid olublar. 4 nəfər isə xəsarət alıb. Həmin vaxt dolaşan xəbərlərə görə, hadisədən bir neçə gün qabaq sülhməramlılar 4 saat Kəlbəcərdə olublar. Ötən ilin qeyri-rəsmi söz-söhbətindən bəlli gerçəyə köklənsək, həqiqət budur ki, ermənilərin mina terroru davam edir;
– Bununla yanaşı, qondarma rejim “hərbi vəziyyət” elan edib və Xocavənd mövqelərimizi atəşə tutub. Şərqi Zəngəzur İqtisadi Rayonundakı yataqların Azərbaycanın kontrolunda olması məlumdur. Lakin Qarabağ İqtisadi Rayonundakı bəzi mədənlər qanunsuz istismardadır. Bax burada yataq əməliyyatının ola bilmə ehtimalları var. Bəs Xocavənd niyə atəşə tutulub? Bildiyiniz kimi bu rayonun yarısı Azərbaycanın nəzarətindədir. Bu isə o deməkdir ki, həmin ərazidə yerləşən bütün qondarma obyektlər də 2 ildir ki, bizdədir. Məxfi mənbələrdən əldə olunan məlumata görə, separatçı ermənilərin Xocavənddəki iri şərab anbarı da Azərbaycan tərəfindən qıfıllanıb. Arayik Arutyunyan isə alkobizneslə məşğuldur. Görünür, qondarma rejiminin könlündən çaxır keçəndə həmin anbarı hədəf alır. Şuşa geri qaytarılan zaman şəhərin Xankəndiyə baxan yamacında Arutyunyanın villasının yerləşdiyi deyilirdi. Guya ki, Arayik qondarma rejimdə növbəlilik prinsipilə snayper ayırmış və o, Şuşadakı qanunsuz villasının Xankəndiyə baxan pəncərəsinə tuşlanmışdı ki, azərbaycanlı görsə, öldürsün.
Bəli, ermənilərin “Aramas” adı ilə terror yaramazlıqları çoxdur. Azərbaycanlıların Şuşa-Xankəndi yolundakı etirazı da belə əyriliklərə qarşı çıxmaqdır:
• Ermənilərin fikrincə, sözügedən etiraz baş qatmaq üçün manevrdir və Azərbaycanın hərbi əməliyyatlarına şərait yaradır.
• Əslində bu etirazla Moskva və İrəvan gördü ki, Azərbaycan xalqının mövqeyi qətidir və dövlət siyasəti ilə eyni məzmun daşıyır.
• Yəni Qarabağda sülhməramlı-separatçı özbaşınalıqlarına yol verilməyəcək. Etirazlara görə, həmin yolda yaranan fasilələr də bunun isbatıdır.
Sadalananları müqayisə edəndə etirazların 4-cü gününün yeni 44 günlük savaşın başlanğıcı olacağı inandırıcı görünmür. Amma söz-söhbət dolaşır ki, etirazçılar sülhməramlı səddini aşa biləcəklər. Daha doğrusu, sülhməramlılar Azərbaycanın ekoloji monitorinqlərinə icazə verəcək.
KONKRET.az-ın Analitik Qrupu