Lavrovun elan etdiyi mərhələli həll variantı Ermənistanı niyə narahat edir? – Paşinyan əl-ayağa düşübbackend

Lavrovun elan etdiyi mərhələli həll variantı Ermənistanı niyə narahat edir? – Paşinyan əl-ayağa düşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 21-də Moskvada çıxışı zamanı Dağlıq Qarabağ  münaqişəsinin tənzimlənməsi çərçivəsində masa üzərində mərhələli həll variantının olduğu haqda açıqlaması Ermənistanda şok effekti yaratdı.

Artıq xeyli müddətdir ki, bu məsələ istər Bakıda, istərsə də İrəvanda əsas müzakirə predmetinə çevrilib. Bakı Lavrovun anonsu ilə ermənilərə məsələnin əsil mahiyyətini anladır, İrəvan isə masa üzərindəki o sənədi sanki heç vaxt görmədiklərini və ilk dəfə eşitdiklərini deyirlər. Hansı ki, o sənədi Ermənistanın xarici işlər naziri öz əli ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verib.

Bundan sonra isə işğal edilən ərazilərimizdə qondarma “prezident və parlament” seçkiləri keçirildi, Qarabağda “rəhbərlik” dəyişdi, dəyişməyən isə bütün ermənilərin şüurunda status-kvonu nəyin bahasına olursa-olsun uzatmaqdır.

Təəssüflər olsun ki, onlar indiyədək buna nail ola biliblər. Ancaq daha bıçaq sümüyə dirənib. Azərbaycan ictimaiyyəti, Prezident başda olmaqla torpaqların geri qaytarılmasına çalışır və bu işdə görünən dağın dibinə az məsafə qalıb. Ermənilərin demokratik düşüncəli insanları (bir vaxtlar Paşinyan da özünü belə hesab edirdi, indi isə oliqarxlardan pul almaqla hakimiyyətdə qalmağa çalışır) isə rəsmi İrəvanın hazırkı hakimiyyətini ittiham edərək ölkəni defolta apardığını gizlətmirlər.

Dünən isə uzun fasilədən sonra Nikol Paşinyan Lavrovun məlum açılqlamasına münasibət bildirdi.

Parlamentdəki “Hökumət saatı” zamanı millət vəkili Tiqran Urixanyan Baş nazir Nikol Paşinyandan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli bir versiyasının müzakirə olunduğu barədə verdiyi açıqlamaya münasibət bildirməsini istədi.

Cavab olaraq, Nikol Paşinyan bu suala dəfələrlə cavab verdiyini xatırlatdı. “Əvvəlki ifadələrimin hamısını götürüb cavabları tapa bilərsiniz. Mövqeyim dəyişmədi” dedi.

Mərhələli həll variantının müzakirə olunduğuna dair bir suala Nikol Paşinyan belə cavab verdi: “Əgər yox, siz əmin olmaq istəyirsinizsə, keçən il mən dəfələrlə bu haqda danışmışam, yenə də 24 saat bu haqda danışa bilmərəm…”.

Keçən il isə o, işğal edilən torpaqlarımıza gələrək “Qarabağ Ermənistandır” ifadəsini işlədib.

Azərbaycan Prezidenti İlham Əliyev də ona bu ifadəsini səhv işlətdiyini xatırladıb və “Qarabağ Azərbaycandır” deyib, üstəlik Nida işarəsini də əlavə edib.

İndi Ermənistan mediası Qarabağla bağlı danışıqlarda rəsmi İrəvanın tam fiaskoya uğradığını gizlətmirlər və bəyan edirlər ki, bu, Azərbaycanla Rusiyanın tam yaxınlaşmasından sonra baş verib. Hətta, ekspertlərin çoxu Rusiya ilə Ermənistanın mehriban düşmən olduqlarını da deyirlər.

Paşinyan dünənki açıqlamasında bu məsələyə də toxunub və “Rusiya ilə ikitərəfli münasibətlər yaxşı və yüksək səviyyədədir” deyib.

Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə həyata keçirilən inteqrasiya birliklərində – AİB və KTMT-də Ermənistan həm təşkilatların, həm də üzvlüyünün səmərəliliyini artırmağa çalışır. “Bu, o demək deyil ki, bu münasibətlərdə problemimiz yoxdur” deyə Paşinyan əlavə edib.

Paşinyanın dediklərinin əvvəli ilə sonu üst-üstə düşmür. Əvvəl Rusiya ilə münasibətlərin yaxşı olduğunu, sonda isə problemin varlığından danışır…

Bu gün isə erməni mediası “Lavrov buna dözə bilmədi və İrəvana zəng etdi” başlığı ilə bir yazı dərc edib.

Yazıda deyilir ki, mayın 6-da axşam saatlarında Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı baş tutdu.

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, mayın 6-da söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Göründüyü kimi, mayın 6-da Lavrov 21 apreldəki açıqlamalarından sonra İrəvandan zəng gözləməyərək, buna dözə bilmədi və özü zəng etmək qərarına gəldi.

Erməni jurnalistinin cümləsindən sonra əlavə şərhə ehtiyac yoxdur. Gözlər yenə də Azərbaycan ordusuna dikilib. Müdafiə naziri Zakir Həsənov da bu günlərdə cəbhə xəttinə gedərkən müharibə anonsunu verdi.

Bu açıqlamadan sonra isə Rəsmi İrəvanın üstünə sanki su tökülüb. Əhalisi günü-gündən azalan, iqtisadiyyatı çökən, insan resursları və müasir texnikası olmayan Ermənistan Azərbaycanla necə müharibə aparacaq?

İlham Əliyevin dediyi kimi zaman çox dəyişib və Azərbaycan bir qarış torpağını ermənilərə verməyəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*