“Moskvanın “ya bizimləsən, ya da yoxsan” formasındakı tələbi dərhal rədd edilməlidir. Ermənistanın beynəlxalq öhdəlikləri, o cümlədən KTMT-nin yaradılması ilə bağlı sənəddə əksini tapmış öhdəlikləri göz qabağındadır. Ermənistanın bu və digər beynəlxalq öhdəlikləri də var. Bu baxımdan biz Rusiyanın regiondakı rolunu inkar edə bilmərik. Əks halda, Türkiyə-Azərbaycan tandemi üçün Ermənistanı məhv etmək üçün yol aça bilərik. Amma Lavrovun da ultimatum dili ilə danışmağa haqqı yoxdur. O başa düşməlidir ki, Ermənistanla Rusiya arasında münasibətlər şəxsiyyətlər tərəfindən müəyyən edilmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın “France24” telekanalına müsahibəsində KTMT-də iştirakını dondurması barədə bəyanatına toxunub. Lavrov deyib ki, Ermənistan rəhbərliyinin İrəvana rəğbət bəsləyən və bütün bəlalarda köməklik göstərəcəyini vəd edən regiondankənar ölkələrə arxalanmağa qərar verməsi yanlış siyasətdir. Rusiya xarici işlər naziri xəbərdarlıq edib ki, İrəvan bu siyasətini davam etdirəcəksə, Moskva iki ölkə arasındakı münasibətlər kompleksinə yenidən baxmağa məcbur olacaq.
Natiq Səlim,
KONKRET.az