Son bir neçə gündür ki, Ağdaşın Ləki qəsəbəsində toyuna az qalan oğlanın cehiz məsələsinə görə intihar etməsi ölkə gündəmində geniş müzakirə olunur. Yayılan məlumatlara görə, oğlanın anası qız evinin göndərdiyi cehizləri bəyənmədiyi üçün toy pozulub və bəy da bu səbəbdən intihar edib. Sözügedən məsələ intiharda ananın günahkar olub-olmaması ilə bağlı mövzunu gündəmə gətirib. İndi ən çox verilən suallardan biri də, intihar edən bəyin anasının cinayət məsuliyyəti daşıyıb-daşımamasıdır.
Mövzu ilə bağlı hüquqşünas Elcan Həsənli KONKRET.az-a açıqlama verib:
“İntihar hadisəsi olduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən cinayət işi başlanılır və araşdırma aparılır. Bu, şəxsi özünü öldürmə həddinə çatdırmanı təsbit edən maddədir. Ona görə də istintaq bu maddəyə əsasən aparılacaq. İstintaqın gedişi zamanı vətəndaşın intiharında həmin şəxslərin əməllərinin birbaşa rolu olub-olmadığı müəyyənləşəcək. Yəni anasından hansısa maddi və digər asılılığının olub-olmadığı yoxlanılacaq. İndiki formada ananın əməlində hər hansı cinayət tərkibi yoxdur. Ancaq təbii ki, hər şey istintaqın yekunundan sonra müəyyənləşəcək. Oğlanın intiharında başqa insanın, yaxud anasının təsirinin olub-olmaması ortaya çıxacaq”.
Müşviq Tofiqoğlu
KONKREt.az