Lerikin Kıncvo kəndində 37 abonent, Sipyəreğonda isə 48 abonent mavi qazın verilməsi tam təmin olundu.
KONKRET.az xəbər verir ki, bu barədə Sipyəreğon kəndində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd ictimaiyyətinin nümayəndələri görüşündə bildirib. Vurğulanıb ki, kənd sakinləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfər bayramı ilə yanaşı təbii qazın verilməsini də yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Qeyd olunub ki, gələcəkdə rayonumuzun digər kəndlərinə də mavi qaz xətlərinin çəkilməsi Dövlət Proqramında nəzərdə tutulub. Belə sosialyönümlü layihələrin reallaşması cənab Prezident respublikamızın hər bir bölgəsinə xüsusi qayğı və diqqət göstərdiyini bir daha sübut edir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev də kənd sakinlərini qarşıdan gələn bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik edib. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırıb.
Sipyəreğon kənd sakinləri adından şəhid ailəsinin üzvü İlkin Musayev möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
Natiq Səlim,
KONKRET.az