İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın Reykyavik şəhərində keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclası və ilk hibrid dinləməsində videokonfrans formatında iştirak edib. Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə baş tutub.
KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva COP29-un ev sahibi olan Azərbaycan Respublikasının bu sahədə apardığı təşəbbüslər, əldə etdiyi nailiyyətlər və qazandığı təcrübə barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də ciddi ictimai sağlamlıq problemi kimi qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Çıxışında Azərbaycanın son illər ərzində həyata keçirdiyi su resurslarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığına yönəlmiş layihələrdən söz açıb. Leyla Əliyeva, həmçinin, IDEA İctimai Birliyi tərəfindən təşəbbüs göstərilmiş müxtəlif layihələr vasitəsilə gənclərin iqlim və sağlamlıq mövzularında fəal iştiraka cəlb olunmasının vacibliyini vurğulayıb. O, beynəlxalq ekspertləri və təşkilatları bu istiqamətdə daha geniş əməkdaşlığa dəvət edib.
Leyla Əliyevanın çıxışından sonra tədbirdə söz alan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi təşəbbüskarlıq və liderliyini yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır və bu sahədə nümunəvi yanaşmalar sərgiləyir. Çıxışı zamanı Hans Kluge, həmçinin, iqlim dəyişikliyi və ictimai sağlamlıq sahəsində həyata keçirilən layihə və təşəbbüslərə verdiyi töhfələrə görə Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.
Qeyd edək ki, İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən iqlim dəyişikliyinin insan sağlamlığına təsirini ön plana çəkmək məqsədilə yaradılmış yüksək səviyyəli məsləhətçi qurumdur. Komissiyanın əsas məqsədi iqlim dəyişikliyi fonunda sağlamlığa yönəlmiş təhdidlərə qarşı sektorlararası əməkdaşlığı təşviq etmək və konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Komissiya Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə fəaliyyətinə başlamışdır.