“Lobbi ABŞ səfirinə qarşı ciddi problemlər yarada bilər”backend

"Lobbi ABŞ səfirinə qarşı ciddi problemlər yarada bilər"

ABŞ-nin Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət iki ölkə arasında gərginliyə səbəb olub. Dövlət Departamentinin rəsmisi O’braynın ölkəmiz haqqında dediyi qərəzli fikirlər əslində Ağ evin mövqeyidir. Ermənistanı birmənalı dəstəklədiklərini bəyan edən ABŞ rəsmisi bununla Vaşinqtonun Azərbaycana münasibətini ifadə edib.

İki gün əvvəl isə ABŞ-nin Azərbaycana yeni təyin etdiyi səfir Mark Libbi Bakıya gəlib. O, mətbuata qısa açıqlama verməklə kifayətlənib və ölkəmizə gəlişindən çox şad olduğunu bildirib.

“Mən öz etimadnaməmi təqdim etmək və ABŞ – Azərbaycan münasibətlərinin inkişafı, regionda davamlı sülhün əldə edilməsi üçün işə başlamaq fürsətini səbirsizliklə gözləyirəm. Mən sizin gözəl ölkənizi daha yaxından tanımaq istəyirəm. Xoş qarşıladığınız üçün təşəkkürümü bildirirəm”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, ABŞ Azərbaycana uzun müddət səfir təyin etmirdi. Maraqlıdır ki, yeni səfir hansı şərtlər altında işləyəcək və diplomat Bakı ilə Vaşinqton arasındakı gərginliyi aradan qaldırmaq üçün hər hansı səy göstərə biləcəkmi? Və o, Azərbaycana gəlməzdən əvvəl hansı təlimatları alıb?

KONKRET.az xəbər verir ki, amerikalı analitik, təhlükəsizlik sahəsi üzrə ekspert, “The Washington Outsider” jurnalının baş redaktoru İrina Zukerman deyir ki, səfir Mark Libbinin Azərbaycana təyinatının gecikdirilməsinin səbəblərindən biri namizədlər arasında seçim olub. Belə ki, Senatın xarici siyasət məsələlərində mərkəzi icra hakimiyyəti ilə mövqeyi üst-üstə düşmür və namizədlərə “yox” demək səlahiyyəti var: “Libbi Bakı – Vaşinqton münasibətlərində iz qoyan bir sıra son hadisələrdə günahlandırılmayacaq. Bayden administrasiyası tərəfindən təyin edilsə də, Libbi Milli Müharibə Kollecində hərbi akademik təhsil almış, Avropa və Yaxın Şərqdə geniş təcrübəyə malik diplomatdır. Səfir çox güman ki, Azərbaycanın enerji və təhlükəsizlik problemləri kimi prioritetləri yaxşı başa düşür. O, eyni zamanda, Brüsseldəki siyasi ab-hava ilə tanışlığa can atacaq və Avropada müxtəlif ziddiyyətlərin həllində təcrübə qazanacaq”.

Zukerman hesab edir ki, bu cür təcrübə ilə Libbi Azərbaycandakı siyasi, sosial iqlim və təhlükəsizlik məsələlərinin incəliklərini Dövlət Departamentinin rəhbərlərinə və ABŞ hökumətinin digər üzvlərinə çatdıra bilər: “Günün sonunda səfir Vaşinqtonda qərarların qəbulu prosesinə cavabdehdir. Ona görə də o, Qarabağdakı tədbirlərə göndərilməsə, konkret müzakirələrdə və səfərlərdə iştirakına icazə verilməsə, bu məsələlərə təsiri məhdudlaşdırılacaq. Üstəlik, Libbi Bakı ilə münasibətlərin yaxşılaşdırılması üçün iddia irəli sürsə də, Vaşinqtondakı lobbi qruplarının birbaşa təzyiqi altında ciddi problemlər yarana bilər. Bununla belə, indiki məqamda Dövlət Departamenti bütün məsələlərin həlli üçün açıq və səmimi müzakirələrdə maraqlıdır. Çox güman ki, Libbi Bakıda müzakirələrdə iştirak etmək, fikirləri diqqətlə dinləmək səlahiyyətinə malikdir. Ona mövcud siyasi mübahisələr barədə kifayət qədər çox şey öyrənmək tapşırılıb. Libbinin  adaptasiya dövründən sonra konkret işlərə daha çox cəlb olunacağı gözlənilir. Bu fürsətdən istifadə edərək, ona hər hansı məlumatı əldə etmək və müvafiq faktları açıqlamaq vacibdir. ABŞ-nin Cənubi Qafqazdakı siyasətini obyektiv və dəqiq müəyyən etmək üçün ondan istifadə edilə bilər”, – deyə Zukerman fikrini tamamlayıb.

İrlandiyalı politoloq və tarixçi Patrik Uolş isə bildirib ki, Vaşinqtonla Bakı arasında münasibətlərin gərginləşməsi son hadisələrlə bağlıdır: “Qarabağdakı son hadisələri ABŞ-də qəbul edə bilmirlər. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etdiyini bilsələr də, bu, onların maraqlarına ziddir. ABŞ-də düşünürlər ki, Azərbaycan Prezidenti hər hansı qərar qəbul edəndə hökmən onlarla razılaşmalıdır. Buna görə də Vaşinqton, xüsusilə Samanta Pauer Bakıya qarşı təbliğat kampaniyası aparır. Qarabağda münaqişənin sona çatması ilə geosiyasi qarşıdurma yaranıb. Vaşinqtonda elə hesab edirlər ki, Soçi görüşündə Ərdoğanla Putin Azərbaycanın Qarabağda hərbi əməliyyatına razılıq veriblər. Amerikalıların diplomatiyası həmişə qeyri-sabit olub. Ola bilər ki, Vaşinqtonla Bakı arasında münasibətlər normallaşana qədər Yaxın Şərqdəki hadisələr sakitləşsin və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunsun”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*