Fransa hazırda xroniki siyasi qeyri-sabitlik və artan maliyyə çətinlikləri ilə üz-üzə qalıb. Ölkədə hökumət böhranı dərinləşir, bir neçə baş nazirin tez-tez dəyişdirilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır, böhrandan çıxış yolu kimi Fransada erkən seçkilərin elan olunması gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, hazırkı şəraitdə prezident Emmanuel Makronun manevr imkanları xeyli məhdudlaşıb:
“Çünki parlamentdəki qüvvələrin nisbəti yeni hökumət yaratmağa imkan vermir. Makronun seçim imkanı məhduddur: ya yeni hökumət qurmalıdır, ya da erkən parlament seçkilərinə getməlidir. Hər iki variant onun üçün risklidir”.
Ekspertin sözlərinə görə, Makronun ictimai etimadı da kəskin şəkildə azalıb:
“Hazırda cəmi 15 faiz əhali ona etimad göstərir. Bu fonda erkən seçkilər elan olunacağı təqdirdə onun partiyasının mövqeləri daha da zəifləyə bilər”.
Əli Mustafa qeyd edib ki, növbəti seçkilər 2027-ci ildə nəzərdə tutulsa da, prezidentin həmin vaxta qədər kürsüsünü qoruyub saxlamaqdan başqa çıxış yolu görünmür:
“Amma yeni hökumət formalaşdırmaq onun üçün olduqca çətindir. Daxili sosial vəziyyət də böhranlı olaraq qalır”.
Beləliklə, Fransa siyasi böhrandan çıxış üçün erkən seçkilər ssenarisini nəzərdən keçirsə də, bu, Makron üçün son dərəcə riskli addım hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az