Komediya ustası Maksim Qalkinin Qazaxıstanda konsertləri ləğv edilib.
KONKRET.az-ın “Novaya qazeta”ya istinadən verdiyi məlumata görə, sənətçinin çıxış etməli olduğu Qazaxıstan məkanlarında qəfil texniki problemlər yaranıb. Sentyabrın 30-da Astanada “Qazaxıstan” mərkəzi konsert zalının rəhbərliyi su təchizatı sisteminin təmiri üzrə texniki işlərin aparıldığını, oktyabrın 1-də isə Almatıdakı Respublika Sarayında səhnənin sıradan çıxması barədə xəbər yayıb.
Qalkin oktyabrın 8-də Astanada, oktyabrın 9-da Almatıda çıxış etməli idi.
Bundan əvvəl Qalkin bəyan etmişdi ki, onun Qazaxıstandakı konsertlərinə dövlət səviyyəsində mane olunur və müxtəlif bəhanələrlə ləğv edilməyə çalışılır.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Maksim Qalkin Rusiyanın təcavüzünü açıq şəkildə pisləyib. Bundan sonra federal televiziya kanalları onu “Bu axşam” verilişinin aparıcılığından uzaqlaşdırıb və onun iştirakı ilə reklam verməkdən imtina edib. Sənətçi Rusiyanı tərk edib. 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi Qalkini xarici agentlər siyahısına salıb.
Burhan,
KONKRET.az