Manatın başın qara buludlar alıb – Baş bankir nə cavab verəcək?backend

Manatın başın qara buludlar alıb - Baş bankir nə cavab verəcək?

Surxay Atakişiyev

II yazı

Ötən ilin sonunda maliyyə bazarına nəzarətin Mərkəzi Banka verilməsindən sonra gözləmək olardı ki, Elman Rüstəmov mövcud vəziyyətə peşəkarcasına müdaxilə edəcək. Bank-maliyyə sisteminin sağlamlaşdırılması üçün zəruri addımlar atılacaq. Lakin son 4 ayda baş verənlər bunun əksini göstərdi.

Baş bankir bu dəfə əlinə deyil, dilinə güc verdi. Amma ənənəsinə sadiq qalıb yenə günahkar ovuna çıxdı. Bu ilin yanvar ayının 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Elman Rüstəmov dedi ki, kapital bazarı inkişaf etməyib. Qiymətli kağızların listinqinə daxil olan şirkətlərin fəaliyyəti yoxdur. Bu o deməkdir ki, dövlətdən kənarda özəl bölmə funksional deyil. Və təklif etdi ki, biz özəl bölmədən çempion şirkətlər yaradaq, onlar kapital gətirsinlər.

Maraqlıdır, bəs 25 ildir Elman müəllim hara baxırdı? Kapital bazarının inkişaf etməməsi onun deyilsə, kimin günahıdır?… Gəlin ilk növbədə etiraf edək ki, Elman Rüstəmov mətbuata açıq məmur deyil. Ona görə də cəmiyyətdə belə bir fikir formalaşıb ki, baş bankir nə vaxt danışırsa, deməli manatın vəziyyəti yaxşı deyil.

Elman Rüstəmovun təklifindən 4 ay keçsə də, nə çempion şirkət yaradılıb, nə də manat dəyər qazanmayıb. Əksinə, bank sektorundakı çökmə davam edib. Bunun sübutu olaraq aprelin 27-də Mərkəzi Bank tərəfindən 4 banka müvəqqəti inzibatçılıq tətbiq edildi. Sabahı günsə 2 bankın – “Atabank” və “Amrahbank”ın lisenziyası Mərkəzi Bankın qərarı ilə ləğv olunur.

Baxmayaraq ki, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov fevralın 9-da jurnalistlərə açıqlamasında demişdi ki, “Atabank” ASC-dən başqa heç bir bankda likvidlilik problemi yoxdur. Bank sektorunda, banklarda qiymətləndirmə prosesi davam etdirilir. Ümumi vəziyyət bizə məlumdur, sadəcə bəzi məqamlar dəqiqləşdirilir”.

Hələ onu demirəm ki, 2019-cu ilin sonunda “Atabank” istisna olmaqla, digər 3 bank kapitalları barədə məlumatları açıqlamışdı. Belə ki, ötən ilin sonuna NBC bank 58,3 milyon manat, AGbank 48,9 milyon manat, “Amrahbank” 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta AGbank 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. Üstəlik də Mərkəzi Bankın idarə heyətinin sədri aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfransdakı çıxışında arxayınlıqla dedi ki,  “Bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxşdir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir…”

Bu nikbin çıxışdan cəmi 13 gün sonra 4 bankın vəziyyətinin kritik olduğu bildirilir. Bu azmış kimi baş bankir aprelin 28-də AzTV-yə müsahibəsində həyəcanla “Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik” söyləyir. Bu vəziyyətdə Elman müəllimin hansı fikirinin doğru olduğunu ayırd etmək çox çətindir. Görünənsə odur ki, maliyyə bazarında vəziyyət kritikdir. Manatın başında qara buludlar oynayır. Banklarda likvidlik problem var. Bankların vəsaiti məqsədli şəkildə bir qrup tərəfində dağıdılır. Son 4 ayda 4 bankın düşdüyü vəziyyət dediyimin parlaq təcəssümüdür. Üstəgəl, banklara əhali arasında etimad getdikcə azalır. Əmanətlərin son vaxtlar geri çəkilməsi də bunun sübutudur. Bütün bu deyilənlərdən aydın olur ki, baş bankirimizi dövlət başçısının etimadını doğrultmaqdan və maliyyə bazarındakı vəziyyəti düzəltməkdən daha çox məmur həmkarları ilə münasibətlərin pozulması narahat edir. Belə olmasaydı, maliyyə bazarında çoxdan sabitlik yaranardı.

Bir anlığa göz önünə gətirək. Kimlərin bankları müflis elan edilir. Yalnız vəzifəsini itirən məmurların. Məsələn, Heydər Babayevdən sonra “Bank Standart”, Ziya Məmmədovdan sonra “Bank of Azerbaijan”, Fazil Məmmədovdan sonra “Atabank”, Eldar Mahmudovdan sonra NBC və “AG bank” müflis oldu. Ən pisi də odur ki, məmurlar işdən çıxarıldıqdan sonra bankların vəsaitlərinin dağıdılmasına elə bil məqsədli şəkildə imkan verilir. Məsələn,”Atabank”da ötən iki ildə hansı neqativ proseslərin getdiyi barədə mətbuatda kifayət qədər çox sayda yazılar dərc olundu. Sıravi bir jurnalistin öyrənə biləcəyi həqiqətlərin Elman Rüstəmovun bilməməsi sadəcə inandırıcı deyil. Və yaxud “Bank Standart”ın müflis dövrünü götürək. Heydər Babayev vəzifəsini itirdiyi vaxtda bankın durumu çox yaxşı idi. Tək bir faktı deyim ki, o zaman ən çox əmanət toplayan bank məhz bu maliyyə institutu idi.

Təxminən bir milyarda yaxın əmanət toplanmışdı bankda sonda nə oldu? Bir neçə il müddətində investorlar öz pullarını sürətlə geri çəkdi, bankın idarəediciləri qalan vəsaiti də istədikləri kimi dağıtdı. Yalnız bundan sonra bank müflis elan olundu. Nəticədə,800 milyon manat həcmində əmanəti dövlət ödədi. Hələ ayrı-ayrı sahibkarların milyonlarla manat batan vəsaitini demirəm. Bütün bunlardan sonra  heç nə olmamış kimi Elman müəllim  REAL TV-nin efirində deyir ki , “Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi….” Yenə günahkar axtarılır. Bankların böyüməməsinin, inkişaf etməməsinin günahkarı kimdir? Son 5 ildə 20-dən artıq bankın dağıdılmasının babalını kimin ayağına yazaq? Təbii ki, belə olanda  günahkar axtaran gözlər bir ünvana, qızılı rəngdə bərq vuran Mərkəzi Bankın binasına dikilir.

I yazı burada: https://konkret.az/elman-rustemov-niye-bele-edir-her-kesin-anlaya-bileceyi-movqe/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*