2030-cu ilə qədər manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün açıqladığı proqnozda bildirir ki, dollar/manat məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. Maraqlıdır, əgər dünya bazarında neftin qiyməti kəskin düşsə, manatın sabitliyi davam edə biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, manatın məzənnəsi bazarda formalaşmır:
“Manatın 1.70 kursunda qalacağına proqnozlar verilə bilər. Amma bunun kursunu bazar yox, Mərkəzi Bank müəyyənləşdirir. Manat dollara yapışdırılıb, dollar necə dəyişirsə, manat da onunla paralel hərəkət edir. Ona görə də burada təkcə iqtisadi amillər deyil, siyasi-inzibati faktorlar da rol oynayır”.
Ekspert əlavə edib ki, neft qiymətləri ilə manatın sabitliyi arasında dolayı bağlılıq mövcuddur:
“Ümumiyyətlə, manatın məzənnəsi neftin qiymətindən birbaşa asılı deyil, çünki Dövlət Neft Fondu bu istiqamətdə mühüm dayaq rolunu oynayır. Lakin neftin qiymətinin kəskin enməsi yox, uzun müddət ucuz qalması halında manata qarşı risklər yaranar. Azərbaycan kimi ölkələrdə uzunmüddətli məzənnə proqnozları isə o qədər də əsaslı deyil”.
Aynurə İsmayıl
KONKRET.az