Mart soyqırımını törədənlərin acı sonluğu – ƏTRAFLIbackend

Mart soyqırımını törədənlərin acı sonluğu - ƏTRAFLI

Ramazan SİRACOĞLU

Ərazisinin böyüklüyünə görə yalnız Böyük Britaniyadan geri qalan Rusiya imperiyası (19, 16 milyon kvadrat verst – 20, 44 milyon kvadrat kilometr) XIX əsrdə, sözün əsl mənasında, Avropanın jandarmı rolunu oynayırdı. Günəşin qürub etmədiyi bu nəhəng imperiyanı idarə etmək üçün ölkə 78 quberniyaya, 21 vilayətə, 2 muxtar mahala bölünmüşdü. İmperiya strateqləri hərbi-siyasi önəm daşıyan bölgələrdə canişinlik yaratmışdılar. Bakı, Yelizavetpol ( Gəncə), Kutaisi, Tiflis, İrəvan quberniyaları Qafqaz canişinliyi tərkibinə daxil edilmişdi. XIX əsrin 70-ci illərində Bakıda neft sənayesi geniş vüsət tapdığı bir dönəmdə, Rusiya başda olmaqla, ətraflarda yaşayanlar, o cümlədən, ermənilər də, buraya axın etməyə başlamışdılar. Qacariyyə və Osmanlı dövlətləri ərazisində yaşayan ermənilər Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə Bakıya, Gəncəyə, Naxçıvana, Qarabağa axışıb gəlir, sürətlə bu ərazələrdə yerləşib məskunlaşırdılar.

Digər xalqlardan fərqli olaraq, ermənilər istənilən şəraitə asanlıqla uyğunlaşa bildiklərindən, mənsəb sahiblərinin qılığına girməyi bacardıqlarından, rus hamilərinin də dəstəyi sayəsində qısa zamanda Bakıda söz, nüfuz sahibi olmuş, vəzifələr tutmuş ermənilər lobbi fəaliyyətlərini genişlətmiş, bir-birilərini tərifləyə-tərifləyə vəzifə nomenkulaturasında çox irəliləmiş, Bakı şəhərinin müəyyən hissəsində öz məhəllələrini yaratmışdılar. Onlar mütəşəkkil fəaliyyətin faydalı iş əmsalınının yüksək olduğuna çoxdan inanmışdılar. Gücləndikcə şəhər aborigeninə zaman-zaman diş də göstərirdilər.

Qısa zamanda yerli əhali ilə ermənilər arasında ziddiyyətlər yaranmağa başlamışdı.
Narazılığın kökü Bakı quberniyasında ayrı-seçkiliyin hökm sürməsi ilə izah olunmalıdır. Belə ki, rus çarizminin 1870-ci ildə tətbiq etdiyi qaydaya görə, Bakı şəhər bələdiyəsinin tərkibinin ancaq 3/1 hissəsini, 1892-ci il düzəlişinə görə isə, 5/1 hissəsini qeyri-xristianlar təşkil edə bilərdilər. XX əsrin əvvələrində Bakı əhəlisinin 80%-dən çoxu müsəlman türklərdən ibarət idi. (Bax: The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press, 1992, p. 25)

Cənubi Qafqaz Rusiyaya ilhaq edildikdən sonra çarizim açıq-aşkar müsəlman adət-ənənələrinin, şəriət qaydalarının aradan çıxmasına yönəlik siyasət yürüdür, milli və islami dəyərləri gözdən salmaq məqsədilə müxtəlif tədbirlər görür, müsəlmanların özlərindən olan bəzi mütəfəkkirləri bu istiqamətdə fəaliyyətə təşviq edir, məhkəmələrdə yalançı şahidlərin ifadəsi əsasında, bir qayda olaraq, türklərin əleyhində qərarlar çıxarılır, qondarma dəlillərlə türklərin mülkləri əllərindən alınır, onları mədəniyyətin düşməni, insani dəyərlərdən uzaq varlıqlar kimi nüfuzdan salmaq kampaniyası aparılırdı. Çarizm rejimi türkləri təhlükə mənbəyi olaraq gördüyündən ermənilərin simasında özlərinin vəfalı dindaşı və etibarlı dayağı olaraq dəyərləndirir, hər yerdə ermənilər mühüm vəzifələrə gətirilirdi. O dönəmdə, nadir hal olsa da erməniləri xoşlamayan başçılara da rast gəlmək mümkün idi. Məsələn, general Q.S. Qolitsın ( 1838-1907) 1896-cı ilin dekabr ayında Qafqaz inzibati ərazisini başçısı və Qafqaz Hərbi Dairəsinin komandanı təyin olunandan sonra rəhbərlik etdiyi strukturlarda işçilərin təxminən 90 faizinin erməni əsilli olduğunu biləndə sarsılmış və oralarda yerləşib-yataqlanmış ermənilərin əksəriyyətini vəzifələrindən uzaqlaşdırmışdı. (Məhz buna görə də, 14.10.1903-cü ildə ermənilər Tiflisdə ona qarşı qanlı terror aktı həyata keçirmişdilər. Nəticədə, general Q.S. Qolitsın öz əhdinə çatmadan həlak olmuşdu. Generalın “Доведу до того, что единственным армянином в Тифлисе будет чучело армянина в Тифлисском музее!- Elə edəcəyəm ki, Tiflisdə yeganə erməni Tiflis muzeyindəki erməni müqəvvası olacaq” vədi elə söz olaraq da qaldı). (Bax: Tadeusz Swietochowski, Russian Azerbaijan, 1905—1920 New York: Cambridge University Press, 1985, p. 40)

Bakı və Yelizavetpol quberniyalarında tədricən artıb çoxalan ermənilər vaxtaşırı olaraq türklərə hücumlar edir, sanki onların sayıqlığını, hazırlığını və nə cavab verəcəklərini sınayırdılar. 6 fevral 1905-ci ildə bir azərbaycanlı fəhlənin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən sonra Bakıdakı azərbaycanlılar cavab tədbiri görməyə məcbur qaldılar. Böyük Britaniyanın Bakı şəhərindəki o zamankı konsulu Patrik Stivensonun məlumatına görə, həmin ilin fevral ayında 900 nəfər azərbaycanlı və 700 nəfər erməni öldürülmüşdü ( Bax: Justin McCarthy. Death and Exile-1821-1922, Princeton, New Jersey, The Darwin Press, 1995). Qısa müddət ərzində azərbaycanlılarla ermənilərin qarşıdurması geniş vüsət alaraq Qarabağa, Naxçıvana, Zəngəzura da yayıldı. O dönəmdə Britaniyanın vitse- konsulu olmuş Makdonellin sözlərinə görə, əgər müsəlmanların böyük əksəriyyəti hadisələri passiv şəkildə kənardan izləməsəydi, Qafqazda erməni qalmazdı. Britaniyalı diplomatların fikrinə görə, çarizm rejiminin ermənilərə olan hüsn-rəğbəti, favoritizm siyasəti ermənilərdə Qafqaz türklərinə qarşısında özlərində inam, cəzasızlıq hissi yaratmış, onların türklərə qarşı iddialarını artırmışdı ( Bax: Kenneth Bourne, Cameron Watt. British Documents on Foreign Affairs: Reports and Papers From the Foreign Office Confidential Print, Volume 3, Russia 1905—1906, p.185-186).

Qeyd edilməlidir ki, Azərbaycan türklərinin kütləvi şəkildə məhv edilməsində xüsusi canfəşanlıqla göstərən, erməniləri vahid mərkəzdən idarə edən siyasi təşkilat “Daşnaksütun” olmuşdur. Osmanlı dövlətinə qarşı mübarizə aparmış bolqarlardan ruhlanan qatı erməni millətçiləri 1890-cı ildə öz partiyalarını yaratmış, əvvəlcə gizli, daha sonra isə açıq fəaliyyətə keçmişdilər (Bax: D. Henry. Baku An Eventful. London, 1905, p. 149—150). Erməni millətçiləri mütəşəkkil qaydada öz dövətlərini yaratmaq üçün bütün vasitələrə əl atmışdılar. İşi o qədər irəlilətmişdilər ki, 22.11.1920-ci ildə ABŞ-ın o zamankı prezidenti Vudro Vilson ( 1856-1924) Osmanlı torpaqlarında ( Trabzon, Ərzurum, Van və Bitlis vilayətlərində – cəmi 103,6 min kv.km) Ermənistan dövlətinin yaradılması layihəsini imzalamışdı. Vilson layihəsinə görə, yaranacaq Ermənistan dövlətinin Qara dənizə çıxışını təmin etmək üçün Batum tərəfdən onlara müəyyən koridor da açılacaqdı. Məlum olduğu kimi, Qazi Mustafa Kamal Paşa siyasi hakimiyyətə gələn kimi bu planı rədd etdi. 3 Mart 1918-ci ildə imzalanmış Brest-Litovsk müqaviləsi əsasında Sovet Rusiyası cənub cəbhəsindən çəkilincə ermənilər də də Şərqi Anadoluda müvəqqəti olaraq ələ keçirdikləri ərazilərdən qaçdılar. Maksimum proqramları gerçəkləşməyincə minimum proqramın realizasiyasına başladılar: Azərbaycana aid yerlərə sahiblənmək üçün yerli əhalini kütləvi şəkildə qırmaq, qovmaq və o yerlərdə möhkəmlənmək. Azərbaycan türklərinə aid hər şeyi- maddi-mədəniyyət abidələrini, evləri, məzarlıqları, məscidləri yerlə yeksan etmək, onlara aid bütün izləri yer üzündən silmək, ermənilərin bu yerlərin əzəli sakini olduqlarını “sübut etmək” üçün kilsələr inşa etmək, “xaçkar”lar ( üzərində “üstəgəl” işarətinə bənzər motivlər, çiçək və ya günəş rəmzi həkk olunmş daşlar) ucaltmaq onların ümdə işləri oldu. 1918-ci ilin 31 martı bu yolda atılan ciddi və mütəşəkkil hazırlığın başlanğıcı kimi dəyərləndirilməlidir.
Dişləri qana batmış ermənilər qazandıqları uğurlardan ruhlanmış, daha böyük hədəf müəyyənləşdirmişdilər: Bakıda bir nəfər də olsun türk yaşamasına imkan verməmək! Bütün hazırlıqlarını bu məqsədin reallaşması naminə görmüş, intuitv olaraq fürsət anının gələcəyi günün uzaqda olmadığını anlamışdılar.

Birinci Dünya müharibəsinin başlaması çox yerdə hərbi-siyasi mənzərəni dəyişdirdi. Xüsusən, Peterburqda baş vermiş 25 oktyabr 1917-ci il inqilabı bərabərində böyük təlatümlər gətirdi. Bir anda hər şey, bütün dəyərlər, meyarlar yox olmuş, faktik olaraq gün batmayan nəhəng ölkədə “Pompeyin son günü”nü xatırladan əsl xaos başlamışdı. Müəzzəm imperiya mərkəzdənqaçan güclərin sayəsində bir anda çökmüşdü. Yarandığı 1890-cı ildən bu anın həsrəti ilə yaşayan “Daşnaksutun” – “Birlik” partiyası liderlərinin əlinə böyük fürsət düşmüşdü. 1906-cı ildən rəsmi şəkildə çarizm tərəfinə keçən daşnaklar 1916-1917-ci illərdə Qafqaz cəbhəsində Osmanlı dövlətinə mümkün qədər daha çox zərər vurmaqla məşğul olmuşdular. Onlar yaxşı bilirdilər ki, taleləri Rusiyanın qələbəsindən asılıdır. Siyasi fəaliyyətlərini qanlı terror əsasında qurmuş daşnaklar öz üzvlərinə ruslara qarşı ən kiçik təxribatı belə yasaqlamışdılar. Onların əzəli hədəfi türklər idi. Daşnakların türk etnosuna qarşı qəddarlığı tanınmış ingilis tarixçisi Donald Blokshemi də təəccübləndirmişdi ( Bax: Bloxham D. Genocide on trial : war crimes trials and the formation of Holocaust history and memory. — Oxford ; New York: Oxford University Press, 2001).

Bolşevik cildinə girmiş daşnaklar 1917-ci ilin noyabrından Bakıda mühüm vəzifələr tutmuşdular. Bakıda iqtidarda olan 26-ların başçısı Stepan Şaumyan Azərbaycanı sovetləşdirmək bəhanəsi ilə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda törədilən hərbi cinayətləri son qələbəyədək davam etdirməyin zəruriliyini bildirirdi (Bax: Шаумян С. Г. Избранные произведения. Т. 2. (1915 – 1917). М., 1918, с. 254).

Sovet hakimiyyəti rejimində yüksək vəzifə əldə etmiş daşnaklar müxtəlif bəhanələrlə türkləri açıqdan açığa sıxışdırmağa başladılar. 1917-ci ilin sonlarında Bakıda fəaliyyətə başlayan erməni milli şurası (HAX – Hayastani azqayin xorhurdi) ermənilərin fəaliyyətini koordinə etmək, daşnaklara türklərr haqqında lazımı məlumatlar ötürmək, türk zənginlərinin ünvanlarını öyrənmək, ermənilərə antitürk təbliğatı yaymaq, rus və yəhudilərin gözündə məsum erməni obrazı yaratmaq, mətbuatı ermənilərin təşviqat maşınına çevirmək idi.

1918-ci ilin yanvarında cəbhədən Bakıya qayıdan türk əsgərlər daşnaklar tərəfindən tərksilah edilərək həbs olunmuşdular. Etiraz edənlər dərhal cəzalandırılırdılar. İş o həddə çatmışdı ki, yerli sakinlər vağzal tərəfə gedə bilmirdilər. Onlar qatara minmək istəyəndə Biləcər tərəfə getməyə məcbur olurdular.

Türklər dəfələrlə erməniləri dostluğa dəvət etsələr də, ermənilər öz ədavətlərini davam etdirirdilər. 1918-ci ilin mart ayının 17-də (yeni stillə, 29 martda) məşhur milyoner H.Z. Tağıyevin Lənkəranda hələk olmuş zabit oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş azsaylı zabit heyətinin daşnaklar tərəfindən Bakı limanında tərksilah edilməsinə yerli Bakı camaatının etiraz etməsi ermənilərə Mart soyqırımının, türk genosidinin başlanmasına bəhanə oldu.

19 (31) mart səhər erkəndən, şəhər yuxuda ikən əvvəlcədən hazırlıq görmüş, təpədən dırnağa silahlanmış daşnaklar böyük-kiçik demədən qarşılarına çıxan hər kəsi güllələləməyə, evləri, mağazaları yandırmağa, məscidləri dağıtmağa başladılar. Hiyləgər daşnaklar Xəzər dənizində reyddə duran rus matroslarını inandırmışdılar ki, türklər İçərişəhərdə və Bayırşəhərdəki rusları girov götürmüşlər. Rus matroslar da bu hiyləyə inanıb şəhəri top atəşinə tuturdular. Müsəlmanlar mövcud durumu Krasnokrets (indiki Şeyx Şamil) küçəsində yerləşən İran konsulluğuna çatdırdılar, az sonra İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və kapitan-leytenant M. A. Natanson İçərişəhərə gəldilər, oradakı 240 rusun heç birinin zərər görmədiğinin şahidi oldular, içərişəhərliləri qorumaq üçün 20 matros təyin edib getdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, s.17).

Daşnaklar bütün şəhər boyu hücuma keçmişdilər. Dəhşət burasında idi ki, bakılılara qarşı qəddar davranan qaragüruha, insaniyyətdən, mədəniyyətdən, dostluqdan dəm vuran erməni ziyalıları şəxsən özləri başçılıq edirdilər. Nkolayevsk (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçən daşnaklar İsmailiyyə binasına, indiki Sabir bağı tərəfdə yerləşən Kaspi mətbəəsinə, Uroloji xəstəxana səmtindəki “Dağıstan” mehmanxanasına od vurmuşdular, Sobornı (indiki Sabir) küçəsində doqquz müsəlman qadını diri-diri tonqala atmışdılar, neft milyoneri (neftəxuda) Baləhməd Muxtarovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki malikanəsini dağıtmış, ailə üzvlərini doğramışdılar.

Daşnaklar Kaspi mətbəəsində nəşr olunmuş təxminən 5 min ədəd “Qurani-kərim”i də təhqir etmişdilər, Vorontsov (indiki Kömürçü) meydanında yüzlərcə adamı işgəncə ilə öldürmüşdülər. Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsi ilə Persidski (indiki Murtuza Muxtarov) küçələrinin kəsişdiyi tində Şamaxı məscidinə sığınmış türkləri qanlarına qəltan etmişdilər.

Hadisələri öz gözləri ilə görmüş A. N. Kvasnik familyalı bir şahid Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyyasına bildirmişdi ki, Bakı soyqırımında bütün yaş qrupundan və peşədən olan ermənilər iştirak edirdilər, Serkovnı (indiki Vidadi) küçəsində törədilən qətliam iştirakçıları arasında ikinci-üçüncü sinifdən olan erməni uşaqlar da qatılmışdı. Bütün ermənilər türkləri öldürməkdən, onlara ağlasığmaz işgəncə verməkdən zövq alır, bununla da sanki öz milli borclarını yerinə yetirirdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, q. 26, s.6). Ermənilər mart soyqırımından xeyli əvvəl, gecələr şəhərin müxtəlif yerlərini sürəkli atəşə tutur, adamları daim qorxu altında saxlayır, onları öz yaşayış yerlərindən çıxıb getməyə məcbur edir, tez-tez müxtəlif məhəllələrdə qarət, oğurluq hadisələri törədir, gündüzlər də müsəlmanlara qarşı təhrikedici hərəkətlər törədir, onları əsəbiləşdirir, türkləri yəhudi və rusların nəzərində vəhşi, mədəniyyətsiz, cahil topluluq kimi təqdim etməyə nail olurdular. Zəngin türkləri zorla öz evlərindən qovur, ən yaxşı halda onları həmin evin zirzəmisində yaşamağa vadar edirdilər. Müsəlman əhalinin şikayət edəcəyi yer yoxuydu. Müsəlman əhalidə hava qaralandan sonra küçəyə çıxmağa cəsarət qalmamışdı. Qafqaz cəbhəsini tərk edən ruslar da öz silahlarını dəyər-dəyməzə ermənilərə satır, ya da bağışlayırdılar. Kolubakin (indiki N. Rəfibəyli) küçəsində, Parapetə (indiki Fəvvarələr meydanı) yaxın yerdə yerləşən erməni kilsəsində də antitürk moizələri oxunur, ermənilər türk soyqırımına təşviq edilirdi. Təsadüfi deyil ki, məhz həmin ünvanda yerləşən erməni kilsəsi mart soyqırımında ermənilər üçün əsl cəbbəxana rolu oynamış, onun zirzəmisində dinc müsəlman əhaliyə qarşı işlənmiş kütləvi qırğın silahları mühafizə olunmuşdu.
Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində Lalayanlara məxsus “Metropol” (indiki Nizami adına ədəbiyyat müzeyi ) mehmanxanasının damından ermənilər pulemyotlarla ətrafdakı müsəlman məhəllələrinə atəş açırdılar.

Mart soyqırımı zamanında və sonrakı vaxtlarda İranın konsulu olmuş Muhəmməd Marağai “Siyasi xatirələr”ində Bakıda gördüyü vəhşəti belə təsvir etmişdir: “Konsulluğun binasında 100 iranlı bizə nicat gətirmişdi. 1918-ci ilin 2 aprelindən başlayaraq biz öz gücümüzlə təxminən 5 mindən çox cəsədi küçə və meydanlardan yığıb onları müsəlman qaydasına uyğun şəkildə dəfn etdik.” Ermənilərin Bakı, Şamaxı, Quba, Kürdəmir, Göyçay, Lənkəran, Zəngəzur, Naxçıvan və sair yerlərdə genosid əməlləri Qafqaz İslam Ordusunun Bakını azad etməsinə qədər müəyyən fasilə və templə davam etmişdir. Bu müddət ərzində 30 min soydaşımız qətl edilmişdir. 30-31 mart ve 1 aprel 1918-il qırğınında ermənilərin insanlıqdan uzaq fəaliyyəti haqqında S. Şaumyan bir məktubunda “bizim üçün döyüşün nəticəsi parlaq oldu” yazıb. Sözsüz ki, öz mənafelərinin naminə məkrli plan hazırlayıb erməniləri bu qanlı əməllərə təşviq edənlər vardş. Əlbəttə ki, ermənilərin dəstəkçiləri də elə onlar qədər məsuliyyət daşıyırlar.

Havadarlarının sayəsində Mart qırğınını törədənlərin nəvələri yüz il sonra Ağdamın daşını daş üstə qoymayıb, Füzulini yerlə bir edib, Cəbrayılı viranəyə çevirib, Zəngilanı yer üzündən silib, Kəlbəcəri dağıdıb, Qubadlını tar-mar edib, Şuşanın tarıxı memarlıq abıdilirını bərbad günə salıblar, hələ də Xankəndindində at oynadırlar…

31 Mart soyqırımının əsas təşkilatçıları və iştirakçıları Stepan Şaumyan, Stepan Lalayan, Samson Amiryan, Hamazasp Srvantsyan, Andranik Ozanyan, Tatevos Amiryan və başqalarının sonrakı aqibətləri haqqında təskinlik üçün qısa bilgi vermək maraqlı olar.

Baksoveti daşnaklarla doldurmuş quldurbaşı Stepan Şaumyan – haqqında, guya, çox sonralar Hindistanda ölməsi haqqında şayiələr uydurulmasına baxmayaraq – 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndi.

Bakı və Şamaxıda çox sayda müsəlmanı qətlə yetirən Stepan Lalayan 30.11.1919-cu ildə Gəncədə güllələndi.

Əlləri minlərcə günahsız müsəlman, türk qanına bulaşmış, əsirlərə və yaralılara xüsusi amansızlıqla işgəncələr verməkdən mənəvi həzz alan xunxar Hamazasp Srvantsyan 20.02.1921-ci ildə İrəvanda balta ilə doğram-doğram edildi. Öldürülərkən “adam da adamı belə öldürərmi?” deyə zarımışdır. Ayağındakı çəkməsindən doğranmış cəsədin Hamazasp olduğu müəyyənləşdirilmişdir. Ermənilərin iddialarına görə, onu Süleyman Nuri adlı bir türk öldürtmüşdür.

Ömrü boyu türklərin əlinə keçəcəyi təhlükəsindən səksəkə içində yaşamış, qorxusundan tez-tez yerini dəyişmiş, qatil tayqulaq Andranik Ozanyan 31.08.1927-ci ildə müəmmalı şəkildə öldü. Son sözləri “işim yarımçıq qaldı” olub. Hələlik üç dəfə basdırılıb (öncə Kaliforniyada, sonra Parisdə, indi də İrəvanda).
Bakı qarnizonun komemendantı maskası altında müsəlmanları xüsusi amansızlıqla qətlə yetirən Baqdasar Avakyan – 20.09.1918-ci ildə güllələndi.
Bolşevik cildində bakılılara qarşı soyqırımda yaxından iştirak etmiş Tatevos Amiryan – 20.09.1918-ci ildə güllələndi.

Bolşaya Morskaya (indiki Bülbül) küçəsindəki malikanəsi daşnakların iqamətgahı olan, Zuğulba su kəmərinin sahibi, türk qadınlarını işgəncələrlə şəxsən öldürən milyoner Ambarsum Məlikyan – 01.10. 1918-ci ildə Astraxanda güllələndi.

Mart soyqırımı ciddi-cəhdlə uzun zaman bizə unutduruldu. Çəmbərəkənd məzarlığı bəlli bir dönəm Mərkəzi əyləncə və istirahət parkına çevrildi, qətlə yetirilənlərin üstündə “Drujba narodov – Xalqlar dostluğu” restoranı inşa edildi. Şəhərə hakim yüksəklikdə isə daşnakların siyasi hamilərindən və havadarlarından birinin— şorgözlüyünə görə 1934-cü ildə güllələnərək öldürülmüş “doğma Mironıç”ın heykəli də ucaldıldı. Rüzgarlar şəhərinin dəlisov küləkləri bu heykəli devirməyə çox çalışsa da, onu yıxmağa gücü yetmədi. Bəzən sinirləndi, bəzən bezdi də bu gücsüzlüyündən. İqlim küləklərinin devirməyi bacarmadığını zaman rüzgarı bacardı. Heykəl də, restoran da, əyləncə mərkəzi də sanki heç olmayıbmış kimi yoxa çıxdı. Qətl edilmiş soydaşlarımızın qanı yerdə qalmadı.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*