Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün Masallı rayonunun Həsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-ci il təvəllüdlü Fərmudə Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı maşın kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca dəyib. Daha sonra isə aşıb.
Hadisə nəticəsində, sürücü və sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova, 1985-ci il təvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin bütün tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, 1961-ci il təvəllüdlü S.Vəlişovanın ölüm faktı qeydə alınıb.
Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Masallı rayonunun Həsənli kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, hadisə maşında olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedən zaman baş verib.
