Ölkədə nəqliyyatdan istifadəyə görə tariflər artırılsa da, sərnişindaşıyan avtobusların xidmətində və keyfiyyətində nəzərəçarpacaq bir dəyişiklik gözə dəymir. Yenə də köhnə və xarab avtobuslar xəttə buraxılır ki, bu da sərnişinlər tərəfindən narazılıqla qarşılanır. Xüsusən, Bakıətrafı qəsəbələrdə bu cür hallara tez-tez rast gəlinir. Bu dəfə isə soaisl şəbəkələrdə yayılan görüntülər trendə çevrilib və tənqid atəşinə tutulub.
KONKRET.az xəbər verir ki, Masazırda sərnişin daşıyan avtobus qəza şəraiti yaradaraq iki təkər üzərində hərəkət edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan sürücünün “avtoşluq” etmədiyi, sadəcə avtobusun qəzalı vəziyyətdə olduğu görünür. Bir tərəfi üstündə hərəkət edən avtobusun azacıq maneəyə çırpılması fonunda aşacağı isə gözdən qaçmır.
Bu cür təhlükəli vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü və aidiyyatı şirkət isə görünür, insan həyatını heçə sayır və yalnız öz şəxsi marağını düşünür. Çünki avtobusun hər an aşmaq və insan itkisinin baş vermə ehtimalı mövcuddur.
Ümid edirik ki, aidiyyatı qurumlar sosial şəbəkələrdə yayılan bu video ilə bağlı dərhal araşdırmaya başlayacaqlar və faciə baş verməmiş lazımi ölçü götürəcəklər.
Müşviq Tofiqoğlu
KONKRET.az