“Maşın-maşın isti geyim, papaq, siqaret göndərənlər kasıblar deyil, Azərbaycanın zəngin vətəndaşları oldu”backend

"Maşın-maşın isti geyim, papaq, siqaret göndərənlər kasıblar deyil, Azərbaycanın zəngin vətəndaşları oldu"

Bu gün sosial şəbəkələrdə 44 günlük Vətən müharibəsində iştirak edən hərbçilərimizin müxtəlif videoları yayılmaqdadır. Yayılan videoların içərisində elələri var ki, onlar yersiz və yolverilməzdir.

Bununla bağlı KONKRET.az-a narahatlığını ifadə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib ki, orduda telefonla çəkiliş aparılması və paylaşılması qəti qadağandır:

“Bu, hərbidə nizam-intizam baxımından düzgün qəbul olunmur. Hətta hərbçilərin və əsgərlərin telefondan istifadəsi də ordu nizamnaməsinə görə qadağandır. Dinc dövrlərdə belə əsgərlər telefondan istifadə edə bilməzlər. Hətta danışmaq üçün istifadə edərlərsə də, cəzalanarlar. Amma bu gün fərqli mənzərə yaranıb. Əsgərlərimiz Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızdır. Bu gün ordu rəhbərliyi və digər orqanlar güzəştə gedir, buna göz yummağa çalışırlar. Amma etiraf edək ki, döyüş gedə-gedə bəzi çəkilişlərin edilməsi gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəlməsində, insanların ruhlandırılmasında və ordu-xalq birliyinin formalaşmasında çox ciddi rol oynadı. Bunu danmaq olmaz. Elə kadrlar var ki, hamımız dəstəkləyir və qürurla baxırıq. Onlar əsgərlərimizin və hərbçilərimizin qəhrəmanlığını nümayiş etdirən kadrlar idi. Amma elə çəkilişlər var ki, bu, düzgün deyil. Məndə olan məlumata görə, hazırda orduda bununla bağlı nizam-intizam ciddi bərpa olunur. Əsgərlərə və hərbçilərimizə daha nizamlı olmaları ilə bağlı tapşırıqlar verilir”.

Firudin Məmmədov onu da vurğulayıb ki, necə ki, nizam-intizamlı ordu yaratmışdıqsa, bu gündən sonra da bu, belə olacaq:

Azərbaycan Ordusu dünyada nüfuzlu ordulardandır. Çünki ordumuzda hər zaman yüksək nizam-intizam olub. Rusiya və digər ölkələrdəki “dedovşinalıq” bizim ordumuzda yoxdur. Bunun özü böyük bir uğurdur. Bu gün bir çox ordular bundan əziyyət çəkir.

Könüllülər və səfərbər olunanlar tərxis olunduqca o çəkilişlər də azalacaq. Bəzən həmin çəkilişlərdə kasıb-varlı məsələsilə bağlı çox qərəzli fikirlər səsləndirilir. Unutmaq olmaz ki, orduya yardım edənlər həm də arxa cəbhədə olan zənginlər olub. Sel kimi yardım göstərənlər varlı vətəndaşlarımız idi. Maşın-maşın isti geyim, papaq, siqaret göndərənlər kasıblar deyil, Azərbaycanın zəngin vətəndaşları oldu. Müharibə dövründə hər kəs arxa cəbhədə orduya öz dəstəyini göstərdi. Ona görə də “Ey məmur balası, mən burda ürəyimi qoyub torpaq aldım, sən siqaret ala bilərsən, amma torpaq azad edə bilməzsən” kimi ifadələr işlətmək düzgün deyil. Sən orda ürəklə ona görə vuruşdun ki, zəngin vətəndaşlarımız şəhid ailələrinə, qazilərimizə ev, maşın alıb verirlər. Bu cür yaxşlıqları unudub, verən əli kəsmək olmaz. Ona görə bu cür çəkilişlər bəzən çox yersiz olur. Amma bütün bu çəkilişlərin qarşısı alınacaq. Qəhrəmanlarımızın görüntüləri rəsmi saytlarda və televiziyalarda ölçülü və biçili şəkildə insanlarımıza göstəriləcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*