Avqustun 2-də görkəmli kino və teatr aktyoru, Azərbaycan Respublikasının Kino Agentliyi Müşahidə Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Fəxrəddin Manafovun 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.
Mədəniyyət Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Fəxrəddin Manafovu 70 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, aktyor ömrünün böyük hissəsini Azərbaycanda kino və teatr sahələrinin inkişafına həsr edib. O, müxtəlif ekran əsərlərində, teatr tamaşalarında oynadığı xarakterik rollarla ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2025-ci il 1 avqust tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülməsi onun kino sənətinin inkişafında xidmətlərinə göstərilən diqqətin daha bir nümunəsidir.
Adil Kərimli Fəxrəddin Manafovun mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyara təqdim edib.
Xalq artisti yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1977-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayan Fəxrəddin Manafov “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Park”, “Şeytan göz qabağında”, “Ölsəm… bağışla”, “Təhminə”, “Otel otağı”, “Dronqo”, “Qraf Krestovski”, “Əlvida, cənub şəhəri”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Mahmud və Məryəm” və digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.