Mediamızı kimlər idarə edir? – II yazı –  Bilmədiyiniz faktlar açıqlandıbackend

Mediamızı kimlər idarə edir? - II yazı - Bilmədiyiniz faktlar açıqlandı

Cəmil MƏMMƏDLİ

İstənilən şəxs təsdiq edə bilər ki, gördüyümüz hər bir olay, oxuduğumuz əsər, dinlədiyimiz musiqi, seyr etdiyimiz bir film və ya veriliş bizi istər-istəməz öz təsiri altına sala bilir. Seyr etdiyimiz film və ya olayda hansı hadisələr cərəyan edib, hansı duyğular təlqin olunursa, bizdə də eyni duyğular oyanır. Məsələ də ondadır ki, varlığımızda baş verən bu proses bizim istəyimizdən və ya iradəmizdən asılı deyil.

Yəqin ki, hiss etmisiniz ki, qısa bir müddət qəmli musiqiləri dinləyən insanın, özündən asılı olmayaraq əhvalı dəyişir, ürək döyüntüləri artır, bütün varlığını kədər bürüyür. Eyni zamanda bu misalı izlədiyimiz verilişlərə, bədii və sənədli filmlərə, ümumiyyətlə həyatda qarşılaşdığımız hər bir olaya aid edə bilərik.

Eyni zamanda gördüyümüz, duyduğumuz və ya oxuduğumuz bir olayın, daha sonra bir bənzərini və ya ziddini görsək, oxusaq, eşitsək, dərhal o biri olayı da xatırlayırıq. Yaxud da bir yerdə hansısa bir hadisə baş veribsə, eyni yerdə başqa bir hadisə də baş verəndə, dərhal ilk hadisəni də istər-istəməz xatırlayırıq. Bu prosesdə bizim iradəmizin və məntiqimizin heç bir rolu yoxdur, sadəcə psixologiyanın qanunlarından irəli gələn bir davranışdır.

İnsan psixologiyasının bu xüsusiyyəti, insanların, xüsusən də uşaqların və gənclərin bir sıra zərərli, yanlış, lazımsız informasiyalardan qorunmasını vacib edir. Çünki, insan istər-istəməz gördüklərini təqlid edər, öyrəndiklərini tətbiq edər.

Ona görə də, insanlara öyrədilən və göstərilən, təbliğ olunan davranışlar, elə olmalıdır ki, gördüklərini, öyrəndiklərini tətbiq etdikdə, insanlar qaydalara və əxlaq normalarına zidd olan heç bir mənfi hərəkətə yol verməsin, heç bir zərərli vərdişə yiyələnməsin.

Məhz bu durum da medianın kütlə üzərindəki hakimiyyətinin sərhədsiz olduğunu, istənilən ölkəni media vasitəsilə viran qoymağın mümkün olduğunu göstərir.

GÜCLƏR (daxili və xarici) insan psixologiyasının məhz bu xüsusiyyətini nəzərə alaraq, hədəfə aldıqları ölkələrə, toplumlara informasiya cəhalətini, “mədəni işğalı” və psixoloji həmlələri, əslində heç bir hüquqi manelər olmadan, əksinə, “söz azadlığı”, demokratiya, informasiya azadlığı adı altında tətbiq edirlər. Təbii ki, hədəfdə olanlar bu “hiyləgər gedişlərdən” xəbərsiz halda, asanlıqla bu tora düşə bilirlər.

Medianın fəaliyyəti hədəfə aldıqları ölkəni və ya kütləni qarşı eyni anda həm informasiya cəhaləti, həm mədəni, həm də psixoloji savaşın qurbanına çevirə bilir. Məsələn, medianın fəaliyyətində milli adət-ənənələr və ya milli mədəniyyət hədəfə alınarkən, toplumda bir sıra narazılıq və narahatlıq duyğuları baş qaldırırsa, deməli, artıq ortada həm mədəni, həm də psixoloji savaş var. Yox əgər media sadəcə kütləni istənilən istiqamətə yönləndirmək üçün bir sıra məlumatlar yayıb, ortada heç bir həyəcan, qorxu, təşviş kimi duyğular oyandırmırsa, milli, dini və əxlaqi dəyərlərlə ziddiyət təşkil etmirsə, deməli, ortada təkcə informasiya cəhaləti var.

İndi isə bütün bu yazdıqlarımız fonunda ölkəmizi düşünək. Bizim mediamız bizimlə necə davranır? “Nəhəng media kapitanları” titullarına iddialı olan ictimai rəy “mühəndisləri” cəmiyyətə nəyi təbliğ və təlqin edir? Onların bu davranışları kimlər tərəfindən və niyə maliyyələşdirilir?

Tarix boyu yaşadığı faciələr səbəbi ilə, öz torpaqlarına da xarici pasportla getməyə məcbur qalan vətəndaşımızın günahı nədir ki hər kəs tərəfindən bir küncə sıxışdırılmaqda, bütün dəyərləri tapdalanmaqdadır? Media fəaliyyətindəki “əvəzsiz xidmətlərə görə” medal və ya dügər bir formada mükafatlandırılan media “ruporları” cəmiyyətimizə hansı töhfələri bəxş edib?

Hələ 2006-cı ildə ölkədəki Strateji Araşdırmalar Mərkəzlərindən biri maraqlı bir araşdırmanın nəticələrini yaydı. Araşdırmalara görə, nəşri dayanmayan mətbuatın və kütləvi informasiya vasitələrinin:

  • 24 faizi ABŞ-ın maraqlarına xidmət edir.
  • Gündəlik mətbuatda çalışanların (əsasən yazarların) 68,5 faizi ABŞ maraqlarından kənara çıxa bilmir.
  • Özəl və dövlət telekanallarında çalışanların 49 faizi ABŞ maraqlarını icra edir.
  • 178 nəfər jurnalist müxtəlif vaxtlarda (1998-2004-cü illərdə) ABŞ-ın “xüsusi mətbuat kurslarında” təhsil alıb. Bunun 7 faizi İsrailin maraqlarına xidmət edir və 11 qəzetdə 23 yazar ancaq bu maraqlara xidmət edən yazılar yazır.
  • 9 faiz İngiltərənin maraqlarına xidmət edir.
  • 8 qəzet İran İslam Respublikası əleyhinə heç bir yazı yazmayacağını qəbul edib. 12 faiz İranın maraqlarına xidmət edir.
  • 5 faiz Rusiya Federasiyasının, 6 faiz Fransanın, 7 faizi Çinin, Yaponiyanın, Səudiyyə Ərəbistanının, Pakistanın, Hindistanın, Türkiyənin, Misirin, İtaliyanın maraqlarına xidmət edir.
  • Mətbuatın qalan 30 faizinin 23 faizi ayrı-ayrı şəxslərin – korrupsiyada,rüşvətdə ittiham olunan monopoliyasındadır.
  • Mətbuatın cəmi 7 faizi dövlətçilik prinsiplərinə qulluq edir.

(Mənbə: Prezident Kitabxanası, R. Vəlizadə. “Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri” III cild, səh 50.)

Bu nəticələr 2006-cı ilin göstəricilərinə görə müəyyənləşdirilibsə, indiki vəziyyətimizi düşünün.

Düşünün cənablar, düşünün!!! 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*