Şirvan Apellyasiya Məhkəməsində parlamentdə İmişli rayonunu təmsil edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bu rayonun sakini Nadir Şirinovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İddiada göstərilib ki, N.Şirinov deputatın özündən və xanımı Könül Ağayevadan şikayətlərində onların şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli bilgilər yayıb.
Belə ki, N.Şirinov yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və deputatı nüfuzdan salan məlumatların yayılması məqsədi “Hürriyyət TV”yə müraciət edib. O, kütləvi informasiya və sosial media vasitəsi ilə Razi Nurullayevi şantaj edərək qanunsuz və əsasız maddi mənfəət əldə etməyə çalışıb. İddiada qeyd olunub ki, hətta həmin şəxs istəklərini reallaşdırmaq üçün deputatı biznesə himayədarlıqda, yəni ağır cinayətdə ittiham edib.
Milli Cəbhə Partiyasının adından İmişli Rayon Məhkəməsində N.Şirinova qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb və onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələb olunub.
Məhkəmə iddianın Milli Cəbhə Partiyası adından qaldırıldığını nəzərə almaqla, ancaq N.Şirinovun partiyaya qarşı heç bir ittiham səsləndirmədiyini əsas gətirməklə onu icraata götürməyib. Müvafiq qərardan narazı qalan xüsusi ittihamçı Milli Cəbhə Partiyasının nümayəndəsi apellyasiya şikayəti vermişdi.