Ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) KONKRET.az-a verilən məlumata görə, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1 048 məktəbəhazırlıq qrupunda 22 min 781 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.