Məktəblərdə “Psixologiya” fənn kimi tədris olunmalıdır? – AÇIQLAMAbackend

Məktəblərdə “Psixologiya” fənn kimi tədris olunmalıdır? - AÇIQLAMA

Ali təhsil müəssisələrində həm “psixologiya”, həm də “təhsildə sosial-psixoloji xidmət” fakültələrinə qəbul aparılır, peşəkar mütəxəssislər hazırlanır. Ümumtəhsil müəssisələrində isə şagirdlərə psixoloji yardım və dəstəyin göstərilməsi məqsədilə psixoloq ştatları ayrılıb.

Amma universitetlərdə fənn olaraq tədris edilən psixologiya məktəblərdə tədris edilmir və  bu məsələ tez-tez gündəmə gəlir.

Məktəblərdə “psixologiya” fənninin tədrisinə ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Milli Məclisin VI çağırış deputatı Etibar Əliyev bildirib ki, orta məktəblərdə “psixologiya”nın tədrisinə ehtiyac yoxdur:

“Məktəblərdə “məktəb fəlsəfəsi” tədris edilsə, yaxşı olar. Bir çox Qərb ölkələrində məktəb fəlsəfəsi tədris edilir. Məktəb fəlsəfəsi şagirdlərin təfəkkürün formalaşmasında, idrakının inkişafında mühüm rol oynayır. Bu tənqidi düşüncənin formalaşması kimi funksiyanı özündə ehtiva edir”.

Onun sözlərinə görə, hazırda daha çox ali təhsil müəssisələrində “psixologiya” fənninin, elminin tədris saatlarının artırılmasına çox böyük ehtiyac var:

“Bu elm dünyada diqqət mərkəzindədir. Psixologiyada yeni cərəyanlar formalaşır, lakin bizim ali məktəblər bunlardan xəbərsizdir. Ona görə də yaxşı psixoloqlar yetişmir. Proqramlar köhnədir, professor-müəllim heyətinin bu istiqamətdə tədqiqatları aşağı səviyyədədir. Bu elmin tədrisinə diqqət artırmaq lazımdır. Lakin nə qədər deyilsə də, buna məhəl qoyulmur. Ola bilsin ki, bu fənni tədris edə biləcək müəllimlərin sayı azdır, psixologiya elminə aid olan yeni cərəyanların tədrisini həyata keçirə biləcək müəllim heyəti yoxdur. Bu sahədə müəyyən boşluqlar var. Azərbaycanda bir neçə ali məktəbdə – BDU, ADPU, ADU, BSU və s. universitetlərdə tədrisin dərinləşməsinə böyük ehtiyac var. Yaxın gələcəkdə bunlar nəzərə alınmalıdır”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*