Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq məktəbli forması almaq üçün mağazalara üz tuturlar.
Bəs bu il formaların qiyməti münasibdir, ya “cib yandırır”?
KONKRET.az xəbər verir ki, valideynlərin sözlərinə görə, məktəbli formaları bu il də dəyişməyib:
“Keçən ilki formalarla eynidir. Sadəcə ölçü məsələsi düz gəlmir deyə yenilərini alacağıq”.
Məsələ ilə bağlı Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb:
“İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir – qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Həmin qiymətlərin siyahısı bu gündən bizim bütün mağazalarımızın divarlarından asılacaq”.
2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq və artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır”, – deyə E.Əzimov qeyd edib.