“Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək.
KONKRET.az bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən açıqlamada qeyd olunur ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir:
“Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir”.
Açıqlamada sözügedən klinika ilə bağlı hansı cəza tədbirlərinin görülə biləcəyi ilə bağlı məqamlar da yer alıb:
“Qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, reklam hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.
Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Bundan əlavə, AEM tərəfindən həkimlər, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli 137 nömrəli əmri – “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” sənəd barədə məlumatlandırılır.
Həmin sənədin VI bəndinə əsasən, tibbi nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, habelə media vasitəsilə maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, yalnız obyektiv elmi-praktik məlumatlarla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir. Əmrdə həmçinin vurğulanır ki, həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.
Bu kimi hallarda həkimlərdən izahat alınır və analoji hadisələrin təkrarlanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir”.
Qurumdan o da qeyd olunub ki, mərkəzin rəsmi saytında əməliyyat zamanı canlı yayım etmək istəyən həkimlərə dair xəbərdarlıq da yerləşdirilib:
“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qarşılaşdıqları hər hansı problem barədə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”.
Xatırladaq ki, “Məlhəm” Beynəlxalq Hospitalında mammoloq-həkim Günel Qəmbərova tibbi müdaxilə zamanı pasiyentin sinəsinin görüntülərini yayımlayıb. Bundan başqa o, əməliyyat öncəsi rəqs edib. Rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar da həyata keçirib.