Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə şahidlər ifadə verir.
Şahid qismində ifadə verən polislər təqsirləndirilən şəxsin əsassız tutulması və başqa iddialarını təkzib ediblər:
“Bizə daxil olmuş məlumat əsasında İlhamə Elşadqızının mənzilində əməliyyat keçirmişik. Evdən narkotik aşkar edilib. Daha sonra İlhamə Elşadqızını polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı sadəcə şər-böhtandır. Biz İlhamə xanıma heç bir fiziki təsir göstərməmişik. Ekspertiza araşdıra bilər”.
Daha sonra İlhamə Elşadqızı çıxış edib. Bildirib ki, bu gün onun həyatı həll olunur:
“Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan biri deyiləm. Anamla evdə oturduğumuz vaxt polis əməkdaşları əməliyyata gəldi. Sonra da həbs edildim. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Qurana and içə bilərəm ki, elə şey etməmişəm. Yaxşı, siz and içə bilərsinizmi? Mən kişi qeyrətli qadınam. Mənə böhtan atırlar. “Drel” sözünə görə olub bütün bunlar. “Drel” sözü Azərbaycan lüğətində də var”.
Hazırda proses davam edir.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.