Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyan məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən ilk prosesdə Vaqif Xaçaturyanun “timsah göz yaşları” tökməsi kameralardan yayınmayıb.
Məhkəmədə Xocalı soyqırımı qurbanlarının yaxınları da iştirak ediblər. Onlardan biri də Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynovdur. “Mixaylo” ləqəbli Milli Qəhrəmanın oğlu hazırda Xocalı Rayon İcra Hakimiyyətində Hüquq Şöbəsinin müdiri vəzifəsində çalışır.
KONKRET.az xəbər verir ki, Modern.az Xaçaturyanın məhkəməsi və ümumilikdə Xocalı qırğını barədə Murad Hüseynovla söhbətləşib.
Müsahibəni təqdim edirik:
– Vaqif Xaçaturyanın bugünkü məhkəmə prosesində siz də iştirak etdiniz. Sizi məhkəməyə hansı statusda çağırmışdılar?
– Mən orada Xocalı Rayonunun İcra Hakimiyyətini təmsil edirdim. Çünki mən qurumun Hüquq şöbəsinin müdiriyəm. Mən prosesə Xocalı rayonuna dəyən ziyanla bağlı çağırılmışdım.
– Məhkəmədə ifadə verdinizmi, hansı faktlar barədə danışdınız?
– Bugünkü məhkəmə iclasında şahidlər dindirilmədi. Lakin ikinci məhkəmə prosesində şahidlər dindiriləcək. Mən də oktyabrın 17-də keçiriləcək məhkəmə prosesində ifadə verəcəyəm. Bu gün hələ hazırlıq iclası idi.
– Hakim qarşısına çıxarılan Vaqif Xaçaturyanı əvvəldən tanıyırdınızmı?
– Mən onu şəxsən tanımıram. Meşəli hadisəsini isə çox yaxşı bilirəm. Onda mən çox balacaydım. 9 yaşım vardı. Ermənilərin şəhərimizə hücumu zamanı mənim atam Xocalı özünümüdafiə dəstəsinin tərkibində Meşəlinin müdafiəsinə getmişdi.
– Mühakimə olunan şəxsi atanızın-ananızın qatili hesab edirsinizmi?
– Vaqif Xaçaturyan tək mənim valideynlərimin qatili deyil. O, həm də digər yüzlərlə günahsızın, Xocalı sakinlərinin qatilidir. Mən onu ümumilikdə azərbaycanlıların qatillərindən biri kimi görürəm.
– Məhkəmə zalında müttəhim ağladı. Onun bu hərəkətinə necə yanaşdınız?
– Mən onun göz yaşlarına inanmıram. O, sadəcə “timsah göz yaşları” tökürdü. Çünki xüsusi amansızlıqla günahsız insanları qətlə yetirən bir şəxs səmimi şəkildə göz yaşı tökə bilməz.
– Ümumilikdə məhkəmə prosesi necə keçdi?
– Məhkəmə iştirakçılarının hüquq və vəzifələri icra olundu. Vaqif Xaçaturyana da öz ana dilində bütün hüquq və vəzifələri izah edildi. Məhkəmə necə lazımdırsa, elə keçdi. Heç Vaqifin özü də məhkəmə prosesinin gedişatından narazılıq etmədi.
– Sizcə, məhkəmə ona hansı cəzanı verməlidir?
– Bu barədə qərarı, əlbəttə ki, məhkəmə verəcək. Azərbaycan Respublikasının qanunları nə tələb edirsə, elə də cəzalandırılacaq. Mən inanıram ki, o, ən sərt şəkildə cəzalandırılacaq. Çünki heç bir cinayətkar cəzasız qalmamalıdır.
– Həmyerlilərinizin, hətta bəlkə də, ana-atanızın qatili olan bu şəxsin 30 ildən sonra mühakimə olunmasına şahidlik etdiniz. Hansı hisslər keçirirdiniz?
– Mənim üçün məhkəmə prosesi həyəcanlı keçdi. Çünki məni 9 yaşında gözüyaşlı qoyan şəxs indi özü məhkəmə zalında göz yaşı tökürdü. Həm də qürurlanırdım ki, bütün bu cəlladlar artıq cəzalandırılırlar. Allah Prezidentimizi qorusun! Onun canını sağ eləsin ki, bu günləri bizə yaşatdı. Allah Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də şəfa diləyirik.