“Mənim oğlum qəhrəmandır” layihəsinin Zəfər günü tədbiri keçirildi – FOTO – VİDEObackend

“Mənim oğlum qəhrəmandır” layihəsinin Zəfər günü tədbiri keçirildi - FOTO - VİDEO

“Fireland group” yenidən “Azman holding”in dəstəyi ilə Zəfərimizin 3-cü ildönümündə “Zugulba Saray”da ən böyük tədbirini keçirdi.

KONKRET.az xəbər verir ki, Ədliyyə Nazirliyinin də dəstək verdiyi budəfəki tədbirə Azərbaycanın bütün bölgələrindən, o cümlədən Naxçıvandan şəhid anaları dəvət olunmuşdu. Tədbirə dəvət edilmiş 700-ə yaxın şəhid anası hər masada bir bölgəni təmsil edirdi.  Onlarla bərabər mərasimdə müxtəlif nazirliklərin rəsmiləri, rayon icra başçıları, ictimai şəxslər, mədəniyyət və incəsənət nümyəndələri, tanınmış sənətçilər iştirak edirdilər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı və daha sonra şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Kamilə Babayeva və Xəzər Süleymanlının idarə etdiyi tədbirə Ədliyyə nazirinin müavini Mirsaleh Seyidov,Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Suraxanı RİH-in başçısı Əziz Əzizov, millət vəkilləri Ziyad Səmədzadə, Arzu Nağıyev, İlham Məmmədov, layihənin dəstəkçilərindən Şəhrəbanu Əsədova da qatılmışdılar. Tədbirin simvolu olan “Mənim oğlum qəhrəmandır” posterinin müəllifi rəssam Əfsanə Həbib də qonaqlar arasındaydı.

Qonaqlar Zəfər gününün ordu – xalq – Ali Baş Komandan birliyi sayəsində qazanıldığını vurğuladılar, qəhrəman şəhid və qazilərimizin şücaətlərindən bəhs etdilər, onları Vətən yolunda qurban verən analara, bacılara, həyat yoldaşlarına minnətdarlıqlarını ifadə etdilər.

Tədbirin bədii hissəsində xalq şairi Ramiz Rövşən, xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Azər Zeynalov, İlqar Muradov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Təranə Muradova, əməkdar artistlər Xumar Qədimova, Gülüstan Əliyeva, Elnarə Abdullayeva, sevilən ifaçılar Zamiq Hüseynov, Mirələm Mirələmov, “Şeron qrupu”, Elçin Cəfərov Zəfər gününə həsr olunan mahnılarını  şəhidlərimizin ruhuna və qələbəmizin ildönümünə ithaf etdilər.

Tədbirdə, həmçinin, çəkilişləri Xızı rayonu ərazisində aparılan, tanınmış aktyor Kamran Ağabalayevin səsləndirdiyi “Cənnətdən gələn məktub” adlı videoçarx təqdim olundu.  Videoçarxda Vətən müharibəsində hər iki ayağını itirmiş qazi zabit Polad Rzayevin çıxışı alqışlarla qarşılandı.

Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi Cavanşir Rəhimovun anası Lalə Rəhimova övladının qisasını alan Vətən müharibəsinin şəhid analarına təşəkkürünü bildirdi. L.Rəhimova 31 illik dərdinə təsəlli olan Qarabağ zəfərinə görə şəhid general Polad Həşimovun anası Səmayə Həşimovaya kövrək duyğularını ifadə etdi, onu bağrına basdı.

Generalın anası Səmayə Həşimova öz növbəsində Xankəndinin azad edilməsinə, həmçinin, hərbi cinayətləri səbəbindən həbs olunaraq Bakıya gətirilən erməni yüksək vəzifəli və rütbəli separatçılarının diz çökdürülməsinə görə Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Sonda “Diler Construction”nın rəhbəri Orxan Quluzadə layihənin koordinatorları olan 20 şəhid xanımına hədiyyələr təqdim etdi.

Cəlal Qurbanov:  “Şəhid anaları Azərbaycanın sütunudur”

Tədbirin təşkilatçısı, AYB-nin üzvü Cəlal Qurbanov Zəfər günü ilə bağlı fikirlərini bölüşdü:

“Hərəmiz müxtəlif sahələrin insanlarıyıq, hər birimizin öz sahəmizlə bağlı iş qayğılarımız var. Amma Vətən adı gələndə bütün qayğılar ümumiləşir. Məhz bu səbəbdən buraya dəvət olunan və sevərək iştirak edən insanlar arasında həm rəsmi və ictimai xadimləri, həm də incəsənət adamlarını görmək olar. Bizi birlik çətiri altında toplayan şəhidlərimizdir, onların əmanətləridir, onları dünyaya gətirən analara borcluluq hissimizdir. Şəhid anaları Azərbaycanın sütunudur! Mən onların dərddən ağarmış saçlarından, qürurdan yaşarmış gözlərindən, oğul yetişdirərkən zəhmətdən qabarmış, damarlanmış əllərindən öpürəm.

Zəfər günü həm də bu anaların  qəlbinin, fədakarlığının əsəridir. Azad, sülh içində, bütöv bir Azərbaycanı şəhidlərimiz müqəddəs ruhları ilə  artıq kiçik bir cənnətə çevirməyə nail oldular. İndi hər birimizin canımızda can olduğu müddətcə bu cənnəti yaşatmaq bizim öhdəliyimizdir.  Cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Yenə də hər zaman bu tədbirlərdə bizi yalnız qoymayan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm.

Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərova bu günə kimi keçirilən tədbirlərdə şəhid analarının, yaxınlarının istəklərini nəzərə alıb, layihələrimiz üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Dövlət Turizm Agentliyinə, icra hakimiyyətlərinə,  ictimai şəxslərə,  incəsənət nümayəndələrinə, layihələrimizdə müəllim və şagird kollektivi ilə iştirak edən tədris müəssisələrinin rəhbərlərinə 3 il ərzində bizimlə bərabər olduqları üçün “çox sağ olun” deyirəm. Sonda hər zaman ev sahibi kimi davranaraq, ən vacib qonaqları hesab etdiyi şəhid əmanətlərini süfrələrinin bolluğu ilə qarşılayan “Azman Holding”ə, “Mangal Steak House” restoranlar şəbəkəsinə sonsuz təşəkkür edirəm”.

Xatırladaq ki, “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində təşkil etdiyi bundan öncəki tədbirlərə 2700-ə yaxın şəhid əmanəti cəlb olunub. Tədbirlər Heydər Əliyev Mərkəzinin qarşısı, Şuşa Dövlət Qoruğu İdarəsi,  Yanardağ Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğu, “Dreamland Golf Club”, İçərişəhər Dövlət Qoruğu kimi önəmli məkanlarda keçirilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*