Azərbaycanda mənzil alveri getdikcə daha çox rəqəmsal texnologiyalar üzərindən həyata keçirilir. Maraqlıdır ki, bu texnologiyalar alveri necə sürətləndirir və alıcılara hansı üstünlüklər verir?
KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, rəqəmsal texnologiyaların mənzil sektorunda tətbiqi prosesi sürətləndirsə də, eyni zamanda qiymətlərin bahalaşmasına səbəb olur:
“Əfsuslar olsun ki, rəqəmsal texnologiyalar evlərdə tətbiq olunursa, onlar mənzillərin qiymətini artırır. Hazırda tikinti şirkətləri üçün bu yeniliklər maraqlı deyil. Ancaq ciddi rəqabət yarandığı halda şirkətlər əlavə xidmətlər təqdim etməyə məcbur qalacaqlar. İndiki şəraitdə rəqabət zəif olduğu üçün belə təşəbbüslər reallaşmır”, – deyə ekspert vurğulayıb.
Elnur Azadov qeyd edib ki, qonşu ölkələrdə vəziyyət fərqlidir:
“İranda minimal təmirli, Türkiyədə isə təmirli mənzillər satışa çıxarılır. Hətta rəqabətin yüksək olduğu yerlərdə mənzillər mebellə birlikdə təklif olunur. Bizdə isə bu praktika yoxdur”.
Ekspert ipoteka imkanlarına da toxunub. Onun sözlərinə görə, Azərbaycanda ipoteka yalnız mənzil və evlərə şamil edilir, torpaq satışına aid edilmir:
“Bəzi ölkələrdə ipoteka ilə torpaq satışı mümkündür. Amma bizdə tətbiq olunmur. Çünki vətəndaş torpağı alıb ev tikəndə, ödənişdə problem yaranarsa, dövlət həmin girovu satışa çıxarmaqda çətinlik çəkir. Bu isə əlavə problem yaradır”.
Azadov hesab edir ki, gələcəkdə dövlət ipoteka proqramlarında yeni güzəştlərlə çıxış edə bilər, rəqəmsal texnologiyaların geniş tətbiqi isə yalnız real rəqabət formalaşdıqdan sonra mümkün olacaq.
Aynurə İsmayıl,
KONKRET.az