“Mənzil bazarında hazırda vəziyyət necədir?“ – Qiymətlərlə BAĞLI AÇIQLAMAbackend

“Mənzil bazarında hazırda vəziyyət necədir?“ - Qiymətlərlə BAĞLI AÇIQLAMA

“Üç, dörd və beşmərtəbəli binaların böyük əksəriyyətinə əlavə artırmalar olunub, bəzilərinin zirzəmiləri çirkab sularla doludur, bir çoxu isə əlavə qapı-pəncərə açılaraq, qeyri-yaşayış obyektinə çevrilib. Bu da həmin binaların dayanıqlığına ciddi təhlükə yaradır”.

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev KONKRET.az-a müsahibəsində səsləndirib. Ekspert əmlak bazarındakı hazırkı durumla bağlı oxucularımızı maraqlandıran mühüm məqamlara aydınlıq gətirib.

– Elnur müəllim, mənzil bazarında hazırda vəziyyət necədir?

– Ölkənin daşınmaz əmlak bazarında, xüsusən çoxmənzilli yaşayış binalarının satışı təxminən sentyabr ayının əvvəllərindən başlayaraq, may ayına qədər davam edir. Bu aralıqda satış prosesi digər aylarla müqayisədə daha sürətli olur. Bunun əsas səbəbindən biri həmin aylarda ipoteka kreditlərinin ayrılmasıdır. İyun ayından avqust ayına qədər isə daha çox torpaq sahələri və fərdi həyət evlərinin satışı sürətlənir. Hazırda əmlak bazarındakı qiymətlərdə enmə müşahidə olunmur. Alıcılar isə ötən illərlə müqayisədə çox olmasa da, boşluq da hökm sürmür. Müşərilər daha çox ipoteka kreditlərinə uyğun gələn əmlak axtarışındadır. Bunlar çıxarışlı, xüsusən, köhnə 9 mərtəbəli binalardan, yaxud da yeni tikililərdən ekonom, sahəsi az olan mənzillərdir. Yəni hazırda belə mənzillərə daha çox tələbat var.

– Yeri gəmişkən, köhnə binaların yeni tikililərə nisbətən daha etibarlı və zəlzələyə davamlı olması ilə bağlı da insanlarda qəti bir fikir var. Siz necə düşünürsünüz, müqayisədə hansı daha üstündur?

– Müqayisə aparsaq, fikrimcə, yeni tikililər daha da möhkəmdir. İnsanlarda belə bir fikir formalaşıb ki, köhnə binalar 2000-ci ilin zəlzələsini görüb və dayanıqlılığını sübut edib. Lakin nəzərə almaq lazımdır ki, həmin ildə baş verən zəlzələ zamanı artıq o binaların əksəriyyəti istismar müddətini bitirmişdi. İstismar müddətini bitirmiş binaların üzərindən 20 ildən artıq vaxt keçib. O binaların möhkəmliyi əvvəlki illərdəki kimi deyil. Üç, dörd və beşmərtəbəli binaların böyük əksəriyyətinə əlavə artırmalar olunub, bəzilərinin zirzəmiləri çirkab sularla doludur, bir çoxu isə əlavə qapı-pəncərə açılaraq, qeyri-yaşayış obyektinə çevrilib. Bu da həmin binaların dayanıqlılığını itirməsinə səbəb olur. Yəni ciddi təbii fəlakət baş verərsə, burada zərərçəkən binaların əksəriyyəti köhnə binalar olacaq. Yeni binaların tikintisi isə tam fərqli həyata keçirilir. Aidiyyəti qurumlar tərəfindən yoxlanışlar aparılır, həmçinin, mütəmadi olaraq hər mərhələdə, mərtəbədə Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunur, istifadə olunan betonun, armaturların keyfiyyəti və digər detallar yoxlanılır. Mövcud layihədən kənar hər hansı tikinti materialı istifadə olunarsa, tikinti dərhal dayandırılır. Bu baxımdan düşünürəm ki, yeni tikilən binaların möhkəmliyi köhnə binalara, xüsusən də 3, 4, 5 mərtəbəli binalara nisbətən daha etibarlıdır.

– Məlumdur ki, əksər insanlar hazırda daşınmaz əmlaka yatırım etməkdə daha çox maraqlıdır. Sizcə, bunun üçün doğru zamandırmı?

– Ümumilikdə Qafqaz bölgəsinə baxsaq, regionda ən baha qiymətə təklif olunan mənzillər Azərbaycanda, xüsusən də Bakı şəhərindədir. Bu baxımdan daşınmaz əmlak sahəsi investisiya baxımından ən etibarlı sahə sayılır. Bu sahəyə tələbat həmişə var. Ona görə də hər hansı bir şəxs yatırım üçün daha çox daşınmaz əmlaka üstünlük verir. Sirr seyil ki, qiymətlər aybaay, ilbəil artır. Digər tərəfdən, vətəndaş əmlakı aldığı gündən kirayə verərək, əlavə gəlir əldə edir. Sonra isə istənilən vaxt həmin əmlakı aldığı qiymətdən baha satır. Ona görə də investisiya baxımından bu sahəyə maraq daha çoxdur. Düşünürəm ki, sənədləri qaydasında olan, yeri dayanacağa, metroya yaxın olan əmlaklara investisiya etmək doğru seçimdir.

– Son zamanlar əmlak dələduzluğu da artıb. Bir mütəxəssis kimi vətəndaşlara bununla bağlı hansı məsələlərdə diqqətli olmalarını tövsiyə edərdiniz?

– Zamanında bu sahədə çox dələduzluq hadisələri baş verib. Bu gün rəsmi olaraq Baş Prokurorluq tərəfindən təsdiq olunmuş rəqəmlərə əsaslansaq, 5200-dən artıq zərərçəkmiş şəxs var. Bunlar daha çox əvvəlki illərdə bir mənzilin bir neçə nəfərə satılması ilə aldadılmış şəxslərdir.

Biz nəzərə almalıyıq ki, daşınmaz əmlakın satış qiymətləri kifayət qədər bahadır. Vətəndaş hər hansı daşınmaz əmlak alarkən mütləq şəkildə hüquqşünasa, ya da bu sahəni mükəmməl bilən insana müraciət etməlidir. Yaxşı olar ki, alıcılar hüquqşünasla rəsmi müqavilə bağlasın və əlmak alan zaman ona bu prosesdə köməklik olunsun. Rəsmi müqavilə zamanı hüquqşünas istənilən tikinti şirkətindən bütün sənədləri tələb edə bilər. Bəzi prosedur qaydaları var ki, vətəndaş onu bilməyə bilər, lakin hüquqşünaslar bu sahəni daha yaxşı bilir.

Digər problem isə çıxarışı olmayan həyət evləri ilə bağlıdır. Azərbaycanda sözügedən evlərin satışı çox fərqli qaydada, yəni qeyri-qanuni aparılır. Vətəndaşlar o evlərin satışını bir-birinə etibarnamə və ya öz aralarında əldə etdikləri yazılı razılaşma ilə aparırlar. Bu da hüquqi baxımdan qeyri-qanuni sayılır və alıcıları bu məsələdə də diqqətli olmağa çağırıram.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*