“HƏMAS-la razılaşma şansları sıfıra yaxındır”.
KONKRET.az xəbər verir ki, İsrailin Moskvadakı səfiri Simona Qalperin jurnalistlərə açıqlamasında İsraillə Fələstin hərəkatı HƏMAS arasında razılaşma əldə olunması şanslarının hazırkı mərhələdə demək olar ki, sıfıra yaxın olduğunu bildirib.
“Cəmi bir həftə əvvəl Qətərdən qayıdan nümayəndə heyəti belə bir nəticəyə gəldi ki, razılaşma imkanı tam sıfır deyil, amma sıfıra çox yaxındır”, – deyə Qalperin qeyd edib.
Buna baxmayaraq, diplomat bu ilin sonunadək vəziyyətin həll olunacağına inandığını vurğulayıb.
“Bəli, mən hesab edirəm ki, məsələ bu il həll olunacaq”, – deyə səfir əlavə edib.
Xatırladaq ki, daha əvvəl Axios nəşrinin jurnalisti Barak Ravid məlumat vermişdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-la danışıqların dayandığı bir vaxtda Qəzza zolağında hərbi əməliyyatları gücləndirmək niyyətindədir.
Digər tərəfdən, The Jerusalem Post yazır ki, Təl-Əviv və Vaşinqtonun HƏMAS-la yeni bir razılaşma üçün bir neçə aya ehtiyacı ola bilər. Fələstin tərəfi isə dialoqun bərpası üçün ilkin şərt olaraq Qəzzaya yüzlərlə humanitar yük avtomobilinin buraxılmasında israrlıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az