
İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.
KONKRET.az-ın məlumatına görə, adətən belə informasiyalar ələ keçən əsaslı dəlil, yaxud müəyyən saxlanılmalardan sonra ictimaiyyət arasında yayılır. Bu həm də geniş antiterror əməliyyatının anonsu, belə təhdidlərdən qorunmaq xəbərdarlığı da ola bilər.
Cənnətə ucuz bilet
“Qəm pəncərəsi” filmində Fəxrəddin Manafovun (Kefli İsgəndər) Həzrəti Abbasa ərəb dili bilməyən molladan şikayət ərizəsi yazmaq barədə hədə zarafatı ilə başlamaq istəyirəm. Hələ 1986-cı ildə İrandan gələn mollaların insanları cahilliyə sürükləməyi təsvir və tənqid olunurdu. Elə indinin özündə də Fatihə, İxlasdan başqa əzbər ayə bilməyən, Yasini üzündən tələffüz qaydalarını sürətilə kələ-kötür oxuyub pozan mollalar pul qazanır. Elə indi də evində broylerdən başqa ət görməyənlər pirlərdə qoyun kəsir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə ziyarətə görə olan-qalan eşşəyini satışa çıxaranları tənqid edirdisə, indi də ziyarət naminə kreditə girənlər var. Halbuki İslamda Həcc vacib, sələm isə haramdır, bank sahibi olan ayətullahların fətvasında məkruhdur (haram olmayan günah).
Hər nə isə! Azərbaycan əhalisinin ibadət etdi-etmədi, böyük kəsimi ziyarətlərə üz tutur. Günahlarını yumaq istəyənlər də az deyil. Bir pulu olanlar, yaxud şirkət sahibləri işçilərinin maaşından 50 AZN kəsib 9 mini düzəldib 5 vacibdən biri olan Həcc ziyarətini reallaşdırır. Bizə də Allah qəbul etsin demək düşür. Amin! Hərçənd həmin müəssisə sahibi kimsəsiz uşaqlar evində böyüyən 5 nəfəri işlə təmin etsəydi, bəlkə də arzuladığı əfvi qazanardı. Cənnətə düşmək istəyən inanclıların kasıb təbəqəsi isə Həcc məsrəflərindən 10 dəfə az məbləğə – 700-1000 manat müqabilində Məşhəd-Kərbəla ziyarətlərinə üz tuturlar. Bizə yenə də Allah qəbul etsin alqışı qalır. Amin! Bəs zamin? Cənnətə düşəcəklərinə zəmanət verənlər var? Müəyyən molla şəbəkəsi həmin ziyarətlərdə kiminin gözünün, kiminin dilinin açıldığını, eşitmə qabiliyyətinin bərpa olunduğunu, varlandığını – zəvvar tipinə görə dəyişik stimullar verib inandırırlar.
Qeyd: Elm də sübut edir ki, insan beyni inamla əlaqəlidir. Yəni nəyəsə tərəddüdsüz inanıb o yöndə fəaliyyətə başlamaq çox vaxt müvəffəqiyyətlə yekunlaşır.
Olmuş hadisə: 1992-ci ildə kod adı İsa adlı adam çoxdan görüşmədiyi məktəb yoldaşı ilə rastlaşır və “nə var, nə yox” söhbəti düşdükdə bəlli olur ki, dostunun övladı yoxdur. Sıradan müalicələr də kömək etməyib. İsa ona ciddi, amma əslində zarafatla deyir ki, gecə “ya İsanın cəddi denən” övladın olacaq. Bir il sonra həmin adam əlidolu dostunun evinə gəlmişdi ki, “seyidin əlin öpmək istəyirəm, uşağım olub”. İsa isə içkili vəziyyətdə olduğundan, ona “seyid istirahət edir” deyilmişdi.
Yəni həmin adam fırıldaqçı deyildi, sadəcə köhnə dostu ilə zarafat etmişdi və o da inanmışdı, övlad sahibi olmuşdu. Bəzən müəyyən hadisələrin olma zamanı bizim istəyə baxmır. Doğuşla ölüm kimi. Nə istəyərək doğulur, nə də istədiyimiz vaxt vəfat edirik. Ailə qurmaq, övlad sahibi olmaq da bu qəbildəndir. Ona görə hansısa qəfil uğuru müəyyən hadisə ilə bağlayırıq. Hansısa işarətə inanırıq. Uğurlu karyeraya nail olmaq üçün də inam və səylər gərəkdir.
Əlavə: Məqsəd kimisə ziyarətindən, ağac budağına yarpaq bağlamağından etmək deyil. Çünki beyin harmoniyası qəliz məsələdir. Kimi buna məsciddə, kimi dəniz kənarında, kimi kitabxanada, kimi də otağında qovuşur. İnsanların psixoloji rahatlıq tapdığı yer arzular və gələcəyinin qapısıdır.
Pir başqa, vampir başqa
Azərbaycandan İrandakı ziyarətgahlara yollananlar çoxdur. Bəzi adamlar təşkilatçı səviyyəsinə qalxıb. Yəni onlar Azərbaycanın içində təbliğat maşını funksiyasını daşıyır. İran bu agentlərini maliyyələşdirir və onlar da zəvvarlıq etmək istəyən bəzi gəncləri cihat rejiminə salırlar. Bununla da piri vampir, qaniçən, qatil hazırlıq kurslarına çevirirlər. Farsların molla rejimi azərbaycanlıların çılğın və dəliqanlı xüsusiyyətlərindən istifadə edir. Çünki belə insanlar fətvaya daha həssasdır. Loru dildə desək “tırkaya gedəndir”lər. Hazırda həbsdə olan, yaxud azadlığa buraxılmış bəzilərinin vaxtı ilə Azərbaycanda şiə ordusuna sahib olduğu deyilirdi. Deyəsən, İran yeni alay yaratmaq fikrindədir. Sadəcə, onların başına gətiriləcək fiquru formalaşdıra bilmir. Azərbaycanın daxilini qarışdırmaq üçün yetişdirilənlərin əl-qolu zamanında qandallanır. Həm də farsa görə öz yurdunu niyə təhlükəyə atasan ki? 1-2 elementar gerçəklik:
– İmamlar fars olmayıb. Milliyəti ərəb olan Məhəmməd peyğəmbərin nəslindədirlər. Fars millətindən peyğəmbər, imam, övliya, heç seyid də çıxmayıb.
– Farslar bəzi hədislərlə özlərini islam keşikçisi kimi qələmə verir. Amma hədis Qurani-Kərim deyil. Ona qalsa, ermənilər də bəzi hədislərə görə özlərini Allahın rəsulunun sevimli milləti adlandırır.
– İranın təbliğatı haqq olsaydı, islam respublikasında Bakıda ağa deyilənlərin heykəlləri aşırdılmaz, başlarındakı əmmamə yerə salınmazdı. O iğtişaşlar masson sifarişi olsaydı, İran çoxdan dağılmışdı.
– İranda farslar 1921-ci ildə azərbaycanlı Qacarlar sülaləsini hakimiyyətdən salıblar və indiyə kimi dini bağlılığa rəğmən, bizim millətə nifrət edirlər. Tehranda azərbaycanca bilənlərin sual verənə farsca cavab verməsi, ya da susub üzünü çevirməsi bunun təsdiqidir. İl ərzində edam olunanların çoxu azərbaycanlıdır.
– İran bizə Xocalılar yaşadan Ermənistanın yanındadır.
– İran övladlarınızı “patı” və s. yollarla zombiləşdirən məhsulların istehsalçısıdır.
Ay ayətullahlara işləyən azərbaycanlılar, Tehranda hər gün yüzlərlə qadın başıaçıq gəzir, metroda oxuyur, oynayır. Bəs sizə təlim keçən SEPAH niyə onları yox, Təbrizdəki azərbaycanlı xanımı edam edir?
P.S. Sapı özümüzdən olan baltalar olmasaydı, biz yenə də Səfəvi imperiyamız boyda olardıq.