Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə universitetin Mətbuat Xidməti məlumat yayıb.
“Bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır”, – məlumatda deyilir.
Professor Məsud Əfəndiyevin elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksəkindeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir.
Məsud Əfəndiyev dünyanın bir sıra qabaqcıl elmi qurumlarının mükafatlarına – o cümlədən “Aleksander fon Humboldt” (Almaniya), “Japan Society for the Promotion of Science” (Yaponiya), “Otto Monsted” (Danimarka) və Kanadadakı Fields İnstitutunun ömürlük mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb.
O həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.