Məşhur meyxanaçı serialına sponsor axtarır – FOTObackend

Məşhur meyxanaçı serialına sponsor axtarır – FOTO

Həyat imtahandır, zaman müəllim.

Mənim qiymətimi düz vermədilər.

Qarğa qarıldayıb mükafat aldı.

Biçarə bülbülə söz vermədilər.

                               Mahir Cürət

 

Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Mahir Cürətdən xəbər var.

KONKRET.az-ın müxbiri söz xiridarının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Meyxanaçı sağlıq durumunun normallaşdığını deyib:

“Sağ olsun Zaur Baxşəliyev, məni xəstəxanaya göndərdi. İndi yaxşıyam. Ayağım da sağaldı, şişi çəkilib, yaraları bitişib. Rahat gəzirəm.

Bir az maddi baxımdan çətinliyim var. Çoxdandır toylara getmirəm. Gözləyirəm ki, orucluq çıxsın, el şənliklərinə dəvət olunum. Allah Kərimdir! Əsas odur, müharibə dayansın, ölüm-itim olmasın. Allah şəhidlərimizə rəhmət eləsin!”.

Şair oruc tutub-tutmadığı barədə sualımıza isə belə cavab verib: “Oruc tutmuram. Çünki gün ərzində ciyərimə görə dərman içirəm. Dərmanlarımın qurtarmağına 10 gün qalıb”.

Sənət yoldaşlarının meyxanaçıyla maraqlanıb-maraqlanmamasına gəlincə, M.Cürət bildirib ki, arada zəng edib, hal-əhval tuturlar: “Sağ olsunlar, maraqlanırlar. Mən heç kəsdən narazılıq edə bilmərəm. Hamının öz işi-gücü, problemi var. Heç kəsin mənə borcu yoxdur”.

Şair əlavə edib ki, hazırda yaradıcılıq işləri ilə məşğuldur: “Mən həmişə qəzəl yazmışam. Amma bu dəfə dramaturgiyaya baş vurdum. Görürəm ki, həm çətindir, həm də olduqca maraqlıdır. 6-7 aydır nəsr formasında bir kitab yazıram. Adı “Bitməyən oyunun oyunçusu”dur. Təxminən 80 vərəqini yazmışam. Çox maraqlı ssenarisi var. Hardasa 34 obraz canlandırmışam. Obrazların da hamısının xarakterini verməlisən axı. Fikirləşirəm ki, iyula kimi bitirim”.

“Sponsorluq edən olsaydı, gələcəkdə serialını özüm çəkərdim”, – deyən M.Cürət hələlik bu barədə heç kimə heç nə demədiyini vurğulayıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*