Dünyaca məşhur ingilis rok qrupu Arctic Monkeys Norveçdə konsert verib. Qrup konsertə usta sənətçi Barış Mançonun “Hal Hal” mahnısını çalaraq başlayıb.
KONKRET.az “Cadde”yə istinadən xəbər verir ki, təxminən 20 min insanın iştirak etdiyi konsertdə türk dinləyicilər Mançonun mahnısının səsləndirildiyi anları paylaşıblar. Görüntülər sosial mediada gündəm olub.
Xatırladaq ki, dünyaca məşhur ingilis rok qrupu Arctic Monkeys ötən il İstanbulda səhnəyə çıxmışdı.
Qeyd edək ki, Türkiyədə rok musiqisinin qabaqcıllarından və Anadolu rokunun yaradıcılarından biri olan Barış Manço bəstələdiyi 200-dən çox mahnı ilə on iki qızıl, bir platin albom və kaset mükafatı qazanıb. Bu mahnıların bəziləri sonralar ərəb, bolqar, holland, alman, fransız, ivrit, ingilis, yapon və yunan dillərində tərcümə edilib.
1943-cü ildə İstanbulda anadan olan ustad sənətçi 1999-cu ildə evində ürəktutma nəticəsində aparıldığı xəstəxanada dünyasını dəyişib.