Son günlər ölkədə havalar xeyli istiləşib. Uzun müddət davam edən sərin havalardan sonra temperaturun kəskin yüksəlməsi evlərdə, iş yerlərində və ictimai nəqliyyatda soyutma sistemlərindən istifadəni zəruri edib.
Lakin hələlik metro qatarlarında havalandırma sistemlərinin təsiri hiss olunmur. Xüsusilə də pik saatlarda bu nəqliyyat vasitələrindəki sıxlıq, isti havanı daha da dözülməz edir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, yeni nəsil qatarlar mikroiqlim nəzarət sistemləri ilə təchiz olunub.
“Bu tip nəzarət sistemi bütün mövsümlərdə avtomatik rejimdə işləyir. Hər hansı kənar müdaxiləsiz sərnişin salonunun tələblərinə uyğun olaraq, müvafiq parametrlər əsasında avtomatik tənzimlənir. Köhnə nəsil vaqonların isə texniki göstəriciləri təəssüf ki, kondisioner sisteminin quraşdırılmasına imkan vermir”.
Aynurə İsmayıl
KONKRET.az